Şəkidə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümü ilə əlaqədar Şəkidə silsilə tədbirlər həyata keçirilir.
Əvvəlcədən təsdiq olunmuş xüsusi tədbirlər planına uyğun olaraq hazırda rayonun idarə, müəssisə və təşkilatlarında, ümumtəhsil, peşə, ali və orta ixtisas məktəblərində Qanlı Yanvara həsr olunmuş konfranslar, xatirə gecələri, “dəyirmi masa”lar, şəhid ailə üzvləri ilə görüşlər keçirilir, inşa yazı və şeir müsabiqələri, idmanın müxtəlif növləri üzrə yarışlar təşkil olunur. Məktəblilər Şəhidlər xiyabanını ziyarət edir, Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla anırlar.
Faciənin ildönümü ilə əlaqədar mədəniyyət müəssisələrində, kitabxanalarda foto, rəsm və kitab sərgiləri təşkil olunur, guşələr yaradılır, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilir.
Yanvarın 18-də rayonun bütün ümumtəhsil, ali və orta ixtisas məktəblərində ilk dərslər Qanlı Yanvar mövzusuna həsr olunacaqdır.
Ümumxalq Hüzn Günü ilə əlaqədar yerlərdə şəhid ailələrinə maddi yardımlar göstəriləcək, məscidlərdə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların ruhuna dualar oxunacaqdır.
Yanvarın 20-də Şəhidlər xiyabanında ümumşəhər mitinqi keçiriləcək, şəhid məzarları ziyarət olunacaq, üzərlərinə əklil qoyulacaq, gül-çiçək düzüləcəkdir. Həmin gün saat 12.00-da rayonun bütün yaşayış məntəqələrində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir.