Türkiyəli professor: Şəki xanlarının sarayı həqiqətən də çox möhtəşəm sənət əsəridir
Gəncədə keçirilən VIII Beynəlxalq Atatürk konfransında azərbaycanlı qardaşlarımızla birgə iştirak etdik. İki gün davam edən konfrans yüksək səviyyədə başa çatdı. Bu gün isə bölgənin ən önəmli mədəniyyət mərkəzlərindən olan Şəkidəyik. Şəkinin mədəni dəyərlərini, tarixi memarlıq abidələrini, təbiət gözəlliklərini görmək üçün buradayıq və səfərimizdən çox məmnunuq.
Bu sözləri VIII Beynəlxalq Atatürk konfransının iştirakçısı, türkiyəli professor, Atatürk Kültür Dil və Tarix Yüksək Qurumunun başqanı Dərya Örs Şəkidə olarkən AZƏRTAC-a müsahibəsində söyləyib.
250 ildən artıq yaşı olan Şəki xanlarının sarayı ilə tanışlıqdan məmnun qaldığını vurğulayan türkiyəli qonaq deyib: “Bu saray həqiqətən də çox möhtəşəm sənət əsəridir. Dostlarımızla birlikdə sarayı gəzdik, xeyli məlumat əldə etdik. Sarayın gözəlliyinə valeh oldum. Qısa müddət ərzində Şəkini çox sevdim və burada olmağımdan xoşbəxtəm. Fürsət yaranarsa, bu gözəl şəhərinizə yenə də gəlməyi düşünürəm”.