Dövlət Müstəqilliyi Günü ərəfəsində Şəkinin daha bir yaşayış məntəqəsinə “mavi yanacaq” verilib
Dövlət Müstəqilliyi Günü ərəfəsində Şəki rayonunun Böyük Dəhnə kəndinin sakinləri dəyərli bayram hədiyyəsi alıb. Uzun illər fasilədən sonra oktyabrın 17-də kəndə təbii qazın verilməsi bərpa olunub.
Bu münasibətlə şəhər rəhbərliyi, Milli Məclisin deputatları, “Azəriqaz” İstehsalat Birliyinin rəsmiləri və kənd sakinlərinin iştirakı ilə keçirilən mərasimdə rayonun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən bəhs edilib.
Bildirilib ki, 940 abonenti olan Böyük Dəhnə kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6 min 802 metr müxtəlif diametrli polietilen və 67 min 247 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılılıb.
Diqqətə çatdırılıb ki, cari ilin sonuna kimi Şəkinin daha 19 yaşayış məntəqəsinin təbii qazla təmin edilməsi nəzərdə tutulur. Bunun nəticəsində rayonda əhali abonentləri üzrə qazlaşma 85 faizə çatacaq.
Kənd sakinləri çıxış edərək əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və kəndə təbii qazın verilməsinə başlanılıb.