114 saylı Şəki kənd birinci seçki dairəsinin seçki məntəqələri səsverməyə hazırdır
Noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərə saylı günlər qalıb. Respublikamızın hər yerində olduğu kimi, Şəkinin dairə və məntəqə seçki komissiyalarında da ölkəmizin ictimai-siyasi həyatı üçün mühüm əhəmiyyət kəsb edən bu məsul kampaniyaya ciddi hazırlıq işləri aparılır.
AZƏRTAC-ın müxbiri seçkilərə hazırlıqla bağlı görülən işlərlə yerində tanış olmaq məqsədi ilə 114 saylı Şəki kənd birinci seçki dairəsinin bir neçə seçki məntəqəsində olub, məntəqə seçki komissiyalarının fəaliyyəti ilə maraqlanıb.
Üz tutduğumuz ilk ünvan Birinci Biləcik kəndindəki 11 saylı seçki məntəqəsi oldu. Məntəqə kənddəki tam orta məktəbin binasında yerləşir. Seçki komissiyasının sədri Çeşminaz Mustafayevanın bildirdiyinə görə, məntəqə üzrə 977 seçici qeydə alınıb. Komissiya üzvlərinin araşdırmalarına görə, seçicilərdən iki nəfərinin yaşı 90-ı keçib. Hər ikisi ilə söhbətdən belə məlum olub ki, onlar əvvəlki seçki kampaniyalarında olduğu kimi, bu seçkilərdə də səsvermədə şəxsən iştirak etməyi düşünürlər. Hazırda seçicilərə səsvermənin keçirilmə vaxtı və yeri barədə bildirişlərin paylanılmasına başlanılıb.
Dairənin tərkibinə daxil olan 9 saylı seçki məntəqəsi Aşağı Layısqı kənd tam orta məktəbin binasında yerləşir. Burada da seçkilərə hazırlıq işləri seçki qanunvericiliyinin tələblərinə uyğun aparılır. Məntəqə seçki komissiyasının sədri Abdulla Məcidovun sözlərinə görə, məntəqə üzrə 917 seçici qeydə alınıb. Onlardan 14 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək. 23 seçicinin yaşı isə 80-dən yuxarıdır. Müraciət olunarsa, yaşlı və xəstə seçicilərin evlərinə daşınan seçki qutusu göndəriləcək.
Dairənin Aşağı Göynük kəndindəki diyarşünaslıq evində fəaliyyət göstərən 7 saylı seçki məntəqəsində də seçkilərə hazırlıq işləri artıq başa çatıb və seçki məntəqəsi səsverməyə tam hazır vəziyyətdədir. 932 seçicinin qeydə alındığı bu məntəqədə səsvermənin gedişi veb-kamera vasitəsilə onlayn izlənə biləcək. Seçki komissiyasının sədri Şükrət İdrisovun bildirdiyinə görə, bu məntəqə üzrə qeydə alınan ən yaşlı seçici - 83 yaşlı Göyçək Hüseynova səsvermədə şəxsən iştirak etmək arzusundadır.
114 saylı Şəki kənd birinci seçki dairəsi dairə seçki komissiyasının sədri Məharət Məmmədovla söhbətimizdə məlum oldu ki, dairənin tərkibinə daxil olan 43 seçki məntəqəsinin hər biri seçki öncəsi lazımi avadanlıq və texniki vasitələrlə təchiz edilib. Dairənin ən yaşlı seçicisi kimi qeydə alınan 112 yaşlı Mərziyə Bayoqliyeva Şəki kəndindəki 39 saylı seçki məntəqəsində səs verəcək.