Şəki şəhər seçki dairəsində yaşı səksəni ötən 781 seçici qeydə alınıb
Noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərə 113 saylı Şəki şəhər seçki dairəsinin məntəqə seçki komissiyalarında da ciddi hazırlıq işləri görülür.
Dairə seçki komissiyasının sədri Rəhman Qədirzadə AZƏRTAC-a bildirib ki, dairənin tərkibində olan 29 seçki məntəqəsində seçicilərin ümumi sayı 37 min 37 nəfərdir. Seçicilərin 781 nəfəri 80-100 yaş arasındadır. Onların 17 min 861 nəfəri kişi, 19 min 176-sı isə qadındır. Bu dairə üzrə ən yaşlı seçici - 96 yaşlı Zərifə Salahova 7 saylı seçki məntəqəsində səs verəcək. İlk dəfə səs verəcək seçicilərin sayı isə 411 nəfərdir. Namizədlərə təbliğat-təşviqat kampaniyalarını aparmaq üçün dairənin əhatə etdiyi ərazidə açıq və qapalı görüş yerləri ayrılıb.
Dairənin tərkibinə daxil olan 8 saylı seçki məntəqəsi Şəki Tibb Kollecinin binasında yerləşir. Məntəqə seçki komissiyasının sədri Zahid Məmmədovun bildirdiyinə görə, 1017 seçicinin qeydə alındığı bu məntəqədə 18 nəfər gənc ilk dəfə səs verəcək. 90 yaşı bu il tamam olan Afərdə Əmrahova və Südabə Kərimova əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də hamıya nümunə göstərərək özləri seçki məntəqələrinə gəlib seçimlərini edəcəklərini bildiriblər. Komissiya sədrinin sözlərinə görə, hazırda seçicilərə səsvermənin vaxtı və yeri barədə bildirişlərin paylanmasına başlanılıb.
Dairənin 21 saylı seçki məntəqəsi Şəki rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin binasında yerləşir. Bu məntəqədə də səsvermə gününə hazırlıq işləri əsasən başa çatıb. Komissiya sədri Sərxan Musayevin bildirdiyinə görə, məntəqə zəruri avadanlıq və texniki vasitələrlə, o cümlədən generator, dayanıqlı rabitə sistemi, MSK tərəfindən verilmiş təlimat və yaddaş kitabçaları ilə təmin olunub. Dəqiqləşdirilmiş son seçici siyahısına görə, məntəqədə 1211 seçici qeydə alınıb. 92 yaşlı Firuzə Əlizadə səsvermə prosesində şəxsən iştirak etməyi düşünür.
Şəhərdəki 8 saylı tam orta məktəbin binasında fəaliyyət göstərən 28 saylı seçki məntəqəsində də səsvermə gününə hazırlıq işləri seçki qanunvericiliyinin tələblərinə uyğun aparılır. Komissiya sədri Əminəxatın İsmayılova AZƏRTAC-a bildirib ki, məntəqə üzrə seçicilərin ümumi sayı 1277 nəfərdir. Komissiya üzvləri üzərilərinə düşən məsuliyyəti dərindən dərk edir, səsvermə gününə çox ciddi hazırlaşırlar. Peşə hazırlığını yüksəltmək məqsədi ilə onların hər biri MSK tərəfindən təşkil olunmuş seminar və treninqlərdə də iştirak ediblər.