Şəkidə 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir
2015-ci ilin doqquz ayında Şəki rayonunda ilkin hesablamalara görə, 245 milyon 961 min manatlıq məhsul buraxılıb və xidmətlər göstərilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,2 faiz çoxdur. Buraxılan məhsulun 8 faizi dövlət, 92 faizi isə qeyri-dövlət mülkiyyətinin payına düşür.
Hesabat dövründə rayonda əmtəə dövriyyəsinin həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz artaraq 226 milyon 650 min manat təşkil edib. Həmin dövrdə istehsal və qeyri-istehsal sahələrinin inkişafına 25 milyon 388 min manat həcmində investisiya yönəldilib. Ötən 9 ay ərzində rayonda 913-ü daimi olmaqla 1315 yeni iş yeri açılıb.
Bu faktlar 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı Şəki Şəhər İcra Hakimiyyətində keçirilən fəallar yığıncağında Şəki Şəhər İcra Hakimiyyətinin başçısı cənab Elxan Usubovun məruzəsində səsləndirilib.
Hesabat məruzəsində diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Kənd təsərrüfatı ili” elan edilən 2015-ci ilin ötən dövrü ərzində rayonda aqrar sahədə məhsul istehsalının artırılması, özəl bölmənin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılıb, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin inkişafı üçün bir sıra tədbirlər həyata keçirilib. Fermerlər 61 min 968 hektar taxıl sahəsindən 186 min ton məhsul əldə ediblər. Məhsul istehsalı əvvəlki illə müqayisədə 110 min ton artıb.
Bildirilib ki, dövlətimizin başçısının iri fermer təsərrüfatlarının yaradılması barədə tapşırıq və tövsiyyələrinə uyğun olaraq Şəkidə də müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb. Orta Zəyzid kəndinin ərazisində 78 hektar sahədə yaradılan Aqroparkda xaricdən gətirilmiş tezyetişən və məhsuldar ağac növlərindən ibarət yeni meyvə bağı salınıb. Hazırda burada məhsulun saxlanması, qablaşdırılması və emal olunması üçün zəruri işlər görülür. Yetişdirilən məhsulun daxili bazarda satışı ilə yanaşı, xarici ölkələrə də ixrac edilməsi nəzərdə tutulur. Aqroparkda 100-dən çox yeni iş yeri yaradılacaq.
Hesabat dövründə rayonun Baş Göynük və Göybulaq kəndlərində 640 və 180 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilib. Qoxmuq və Qaratorpaq kəndlərində inşa edilən məktəb binalarının tikintisi başa çatdırılıb, Şəki şəhərində hər biri 100 yerlik 2 uşaq bağçası inşa edilib. Hazırda Kiş kəndinin ərazisində “Marxal” İstirahət Kompleksinin tikintisi davam etdirilir. Kompleksə 7 mərtəbəli mehmanxana, SPA mərkəzi, restoran və kotteclər daxildir. Tikintinin ümumi sahəsi 27 min 839 kvadratmetrdir. Eyni zamanda, Dünya Bankının dəstəyi və Ədliyyə Nazirliyinin sifarişi ilə Şəki şəhərində inşa edilən “Məhkəmə kompleksi”nin tikintisi də artıq başa çatdırılıb və kompleksin yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur.
Yığıncaqda, həmçinin hesabat dövründə əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən ətraflı bəhs edilib, qarşıda duran vəzifələrə toxunulub.
Hesabat yığıncağında Şəki rayon prokuroru Elmar Camalov, Şəki şəhər təhsil şöbəsinin müdiri Südabər İsmayılova, Şəki MRX-nın baş həkimi Məcid Əliyev və Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Tələt Mehtiyev çıxış etmişdir.