Şəkidə "Muzeylərimiz müstəqillik illərində" adlı tədbir keçirilmişdir
Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində "Muzeylərimiz müstəqillik illərində" adlı tədbir keçirilmişdir.
Tədbirdə Heydər Əliyev Mərkəzinin, şəhərdə yerləşən muzeylərin əməkdaşları, eləcə də şəhər 6 saylı tam orta məktəbin şagird və müəllim kollektivi iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Zeynəb Məmmədova açaraq Mərkəz haqqında qısa məlumat vermişdir.
Sonra şagirdlər Heydər Əliyev Mərkəzindəki eksponatlarla tanış olmuş, onlara ulu öndərin həyat və fəailiyyəti barədə ətraflı məlumat verilmişdir.
Tədbirdə çıxış edənlər qeyd etmişlər ki, müstəqil yaşamaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır və tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olmuşdur.
Bildirilmişdir ki, Azərbaycanda muzey işinin, muzeyşünaslığın təşəkkül tapması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın böyük oğlu ötən əsrin 70-80-ci illərində ölkəmizdə muzeylərin yaradılması, onların bazasının möhkəmləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirmişdir. Həmin dövrdə Azərbaycanda Muzeylər İdarəsi, Muzey İşi üzrə Respublika Elmi-Metodik Mərkəzi, Muzeylərin Bədii Tərtibatı Müəssisəsi, Muzey Sərvətlərinin və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzi fəaliyyətə başlamışdır. 1969-cu ilə qədər Azərbaycanda cəmi 29 muzey fəaliyyət göstərirdisə, ümummilli liderimizin hakimiyyəti illərində ölkəmizdə 111 müxtəlif profilli muzey yaradılmışdır. Ulu öndər muzeylərin əhəmiyyəti barədə deyirdi: “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”. “Muzeylər Azərbaycan xalqının tarixini, böyük şəxsiyyətlərinin həyatlarını, yaradıcılıqlarını, fəaliyyətlərini özündə əks etdirir. Xalqın tarixi həm kitablarda yazılmaqla, həm də muzeylərdə qorunmaqla gələcək nəsillərə çatdırılır. Muzeylər bizim keçmişimizi özündə yaşadan və gələcəyə daşıyan yerlərdir”.