115 saylı Şəki kənd ikinci seçki dairəsinin məntəqələri parlament seçklərinə hazırdır
115 saylı Şəki kənd ikinci seçki dairəsinin seçki məntəqələrində noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərə hazırlıq işləri başa çatıb.
Dairə seçki komissiyasının sədri Rasim Əzizov AZƏRTAC-a bildirib ki, dairənin tərkibinə daxil olan 42 seçki məntəqəsinin hər biri səsvermə gününə hazırdır. Bütün seçki məntəqələri zəruri avadanlıq və texniki vasitələrlə, həmçinin dayanıqlı rabitə sistemi ilə təmin olunub.
Komissiya sədrinin bildirdiyinə görə, dairə üzrə 36 min 110 seçici qeydə alınıb. Bu dairədə ən yaşlı seçici Qayabaşı kəndinin 107 yaşlı sakini Qızbəst Mehtiyevadır. 31 saylı seçki məntəqəsində səs verəcək Qızbəst nənənin, eləcə də məntəqəyə gəlməyə çətinlik çəkən ahıl və xəstə seçicilərin evlərinə daşınan seçki qutuları göndəriləcək. Ümumiyyətlə, bu seçki dairəsi üzrə 620 seçicinin yaşı 80-100 arasındadır. İlk dəfə səs verəcək gənc seçicilərin sayı isə 350 nəfərdir.
Namizədlərə təbliğat-təşviqat kampaniyalarını aparmaq üçün dairənin əhatə etdiyi ərazidə açıq və qapalı görüş yerləri də ayrılıb.
Dairənin tərkibinə daxil olan 37 saylı seçki məntəqəsi Şəki şəhərindəki 12 nömrəli tam orta məktəbin binasında yerləşir. Digər seçki məntəqələri kimi, bu məntəqədə də səsvermə gününə hazırlıq işləri əsasən başa çatıb. Məntəqə seçki komissiyasının sədri Dilşad Lətifovanın sözlərinə görə, məntəqə üzrə 1429 seçici qeydə alınıb. Hazırda seçicilərə səsvermənin vaxtı və yeri barədə bildirişlərin paylanması davam edir.
Dairənin Baş Zəyzid kəndindəki 15 saylı, Cəyirli kəndindəki 35 saylı və digər seçki məntəqələrində də səsvermə gününə hazırlıq işləri seçki qanunvericiliyinin tələblərinə uyğun aparılıb.