Şəkili təkəlduz ustası: Sənətkar daim yeniliyə can atmalıdır
Şəkini təkəlduz sənətinin vətəni adlandırırlar. Burada bu qədim el sənətini yaşadan onlarla sənətkar fəaliyyət göstərir. Sevindirici haldır ki, son illər gənclərdə də dekorativ sənətin bu zərif növünə maraq artmaqdadır. Belə sənətkarlardan biri də gənc təkəlduz ustası Vəfa Mustafayevadır.
AZƏRTAC-ın müxbiri Şəki şəhərindəki “Sənətkarlar evi”ndə gənc təkəlduz ustası Vəfa Mustafayevanın emalatxanasında olub, onun əl işləri ilə maraqlanıb. V.Mustafayeva kukla sənətinin incəlikləri, onu bu sənətə bağlayan tellər barədə danışaraq bildirib ki, 12 ildir təkəlduz sənəti ilə məşğuldur. O, atası Natiq müəllimdən təkəlduz sənətinin ilk vərdişlərinə yiyələnib, bacısı Ayseldən isə sənətin incəliklərini, texnikasını öyrənib.
Gənc olmasına baxmayaraq, əl işləri ilə çoxlarını heyran edən Vəfa deyir ki, sənətkar yerində saymamalı, daim yeniliyə can atmalı, inkişaf etməlidir. Məhz bu yenilik həvəsi Vəfanı və bacısı Ayseli yaradıcılıqlarını daha da genişləndirməyə ruhlandırıb. Onda bu sənətə marağın necə yarandığını soruşduqda isə gənc təkəlduz ustası belə cavab verib: “Televiziya ekranlarından, həmçinin internet vasitəsi ilə ölkəmizdə yeni sənətkarlar nəslinin formalaşdığını diqqətlə izləyirdim. Bu sənətkarlar tullantı materiallarından çox gözəl, maraq doğuracaq əsərlər, əl işləri hazırlayırlar. Bacımla qərara gəldik ki, biz də tullantı materiallarından nəsə hazırlayaq, yenilik edək. Beləliklə, kuklalar hazırlamağa başladıq. Tanınmış kukla sənətkarları Elmira Abbaslının, Tamilla Qurbanovanın yaradıcılıqları ilə maraqlandıq. İstəyirdik ki, yeni üslubda işləyək, başqalarını təkrarlamayaq. Beləliklə bu işə həvəslə girişdik. Evdə qarderobumuza aid köhnə nə var idisə, yəni corab, pambıq, parça və digər materiallar, onlardan müxtəlif formalı kuklalar hazırladıq. İlk işlərimiz qısa müddətdə satıldı. Bu, bizi daha da ruhlandırdı”.
Dediyinə görə, kukla sənəti o qədər də asan peşə deyil. Gərək rəssamlığı, heykəltəraşlığı, dizaynerliyi biləsən. Yaratdığın kuklanı canlandırmağı, ona sifət cizgiləri, mimika, xarakter verməyi bacarasan.
Emalatxanada ilk baxışdan diqqəti qeyri-adiliyi ilə seçilən kuklalar cəlb edir. Vəfa Mustafayeva əsərlərinin qəhrəmanlarını Azərbaycan xalq nağıllarından, xanlıqlar dövrünün personajlarından götürür. Mövzuları seçərkən milliliyə üstünlük verir. Yaratdıqları kuklalar içərisində “Xan və rəiyyət” kompozisiyası böyük maraq doğurur. Kompozisiyanın ön planında kefi kök xan öz vəzirləri ilə əyləşib, arxa planda isə rəiyyət əks olunub. Xalqın nümayəndələri arasında isə eşşək üstündə olan hazırcavab Hacı dayı, xanımı ilə rəqs edən Məşədi İbad, nəhrə çalxalayan qoca nənə diqqət çəkir. Kompozisiyanı maraqlı edən odur ki, qəhrəmanların bəziləri bütöv kukla formasında hazırlansa da, digərlərinin işlənmə texnikası qeyri-adidir. Yəni, çərçivəyə salınan əsərdə personajın başı kukla formasında, bədəni isə dekorativ tikmə üslubundadır.
Təkəlduz sənətinin çox çətin bir peşə olduğunu vurğulayan Vəfa Mustafayeva qeyd edir ki, kiçikhəcmli işləri 3-4 günə, bir həftəyə hazırlamaq olur. Turistlərin marağını nəzərə alaraq xırda işlər, məsələn araxçın, telefon qabı, əl çantaları da hazırlayır. Böyük ölçülü əl işləri isə 5-6 aya ərsəyə gəlir. “Xalça”, “Xanım ceyranla birlikdə” əsərlərimi 5 aya hazırlamışam. Qiymətlər əsərlərin ölçülərinə görə 10 manatdan 1000-1500 manatadək dəyişir. Tanrıya şükürlər olsun, qazancımız pis deyil. Əgər gündəlik çörək pulunu çıxara bilirsənsə, deməli, sənətkarsan”, - deyə Vəfa Mustafayeva əlavə edib.
Qazandığı uğurlar barədə danışan Vəfa Mustafayeva deyir: “Bu il Fransanın paytaxtı Parisin milyonlarla ziyarətçisi olan Luvr muzeyinin qarşısındakı meydanda Heydər Əliyev Fondunun təşkil etdiyi “Azərbaycan şəhərciyi” çərçivəsində keçirilən sərgidə iştirakımı həyatımın ən xoşbəxt anı hesab edirəm. Mənimlə bu sərgidə şəkili həmkarlarım - tanınmış şəbəkə ustası Hüseyn Hacımustafazədə və kəlağayı ustası Əmiraslan Şamilov da iştirak edirdi. Açılışında Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirak etdiyi bu sərgiyə çox böyük maraq var idi. Cavan da, yaşlı da həvəslə gəlib sərgiyə baxır, sənətkarların əl işləri ilə, o cümlədən təkəlduz sənətinin incəlikləri, toxuduğum işlərin texnikası ilə maraqlanırdılar. Sərgidə, həm də hazırladığım kuklalar da nümayiş olunurdu”.
Vəfa Mustafayeva, eyni zamanda, hər il Novruz bayramı günlərində Bakıda, Dənizkənarı Milli Parkda təşkil olunan sərgilərdə də fəal iştirak edir. Onun əl işləri “Bakı-2015” birinci Avropa Oyunları zamanı paytaxtda təşkil olunan sərgidə də nümayiş etdirilib. Yaratdığı kukla kompozisiyaları ilə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən respublika müsabiqəsində iştirak edərək qalib gəlib, mükafata layiq görülüb.