Bəxtiyar Vahabzadə poeziyasının işığı Şəkidə onu sevənləri bir araya gətirib
Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri Bəxtiyar Vahabzadənin anadan olmasından 90 il ötür. Bütün varlığı ilə sevdiyi doğma Azərbaycan xalqının arzu və istəkləri, hiss və duyğuları böyük şairin ədəbi-bədii yaradıcılığının mayası, cövhəri olub. Şairin mübariz qələmi bütün dövrlərdə onun saf məslək və əqidəsinə xidmət edib. Bəxtiyar Vahabzadə nəinki Azərbaycanın, eləcə də türk dünyasının ən qüdrətli söz ustalarından biri olub.
Ədəbi, ictimai və fəlsəfi fikir tariximizin müdrik simalarından olan qüdrətli söz ustası Bəxtiyar Vahabzadə yaradıcılığının gur işığı onu sevənləri bu dəfə Şəkidə bir araya gətirib. Xalq Şairinin 90 illik yubileyi oktyabrın 31-də doğulduğu Şəki şəhərində böyük təntənə ilə qeyd olunub.
Şəhər rəhbərliyi, şairin ailə üzvləri, ictimaiyyət nümayəndələri və qonaqlar əvvəlcə Bəxtiyar Vahabzadənin şəhərin mərkəzindəki parkda ucaldılan büstü önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Tədbir iştirakçıları sonra Şəki Dövlət Dram Teatrının foyesində şairin həyat və yaradıcılığından bəhs edən kitab sərgisi ilə tanış olublar.
Yubiley tədbirini şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açaraq, Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinin görkəmli söz ustasının irsinə verilən qiymətin bariz nümunəsi olduğunu bildirib. Vurğulanıb ki, Bəxtiyar Vahabzadə poeziyasında Nəsimi mərdliyi, Mirzə Fətəli zəkası, Səməd Vurğun kamilliyi birləşir. Bəxtiyar Vahabzadənin şeirləri fikirlərin çırpınan səsi, təbiətin danışan dili, zamanın sözü, həqiqətin güzgüsüdür. Onun əsərlərində təkcə doğma xalqının deyil, ümumiyyətlə, bəşəriyyətin taleyi üçün narahatlıq keçirən vətəndaşın ürək çırpıntıları əks olunub. Bəxtiyar Vahabzadənin yaratdığı əsərlərdə böyük bir səmimiyyət, təbiilik, təkrarsız sadəlik, təravət var. Şairin bütün yaradıcılığının pafosunu “Yaşamaq-yanmaqdır, yanasan gərək” ifadəsi təşkil edir. Şair bu sənət amalına bütün yaradıcılığı boyu sadiq qalıb, əsərlərinə ana dili, Vətən, azadlıq və səadət uğrunda fədakar mübarizə ruhu hakim kəsilib.
Vurğulanıb ki, Bəxtiyar Vahabzadə Vətənə, doğulduğu yerə, soy-kökə bağlı bir insan olub, anadan olduğu yurdu – Şəkini çox sevib. Yaratdığı hər bir əsərdə Şəkiyə xas olan kalorit, eyni zamanda, iti və ağıllı zəka, dərin düşüncə özünü göstərib.
Bəxtiyar Vahabzadənin yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycanın Xalq Şairi, Əməkdar İncəsənət Xadimi fəxri adlarına, Azərbaycan Respublikasının və SSRİ-nin Dövlət mükafatlarına, həmçinin “İstiqlal” ordeninə layiq görülüb. Xalq Şairinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin 2009-cu il 19 fevral tarixli Sərəncamına əsasən, Şəkidəki 1 nömrəli tam orta məktəbə və küçələrdən birinə Bəxtiyar Vahabzadənin adı verilib, şəhərin mərkəzində yerləşən parkda büstü ucaldılıb. Hazırda şairin ev-muzeyinin yaradılması istiqamətində iş aparılır.
Yubiley tədbirində Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri, şair Vaqif Aslan, Bakı Dövlət Universitetinin filologiya fakültəsinin dekanı, professor Məhərrəm Vəliyev çıxış edərək, Bəxtiyar Vahabzadənin Azərbaycan söz sənətinin inkişafındakı böyük xidmətlərindən danışıb, şairin yaradıcılığının müxtəlif məqamlarından bəhs ediblər.
Tədbir Şəki Musiqi Kollecinin müəllim və tələbələrinin ifasında Bəxtiyar Vahabzadənin şeirləri və sözlərinə bəstələnmiş mahnılardan ibarət konsert proqramı ilə başa çatıb.