Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilmişdir

21 yanvar 2013 | 16:00

Müasir Azərbaycan tarixinin ən faciəli, eyni zamanda azadlıq mübarizəmizin ən şanlı səhifələrindən olan 20 Yanvar faciəsinin 23-cü ildönümü Şəkidə xalqımızın qəhrəmanlıq salnaməsi, fəxarət və şərəf günü kimi qeyd edilmişdir.
Faciənin ildönümü ilə bağlı tədbirlər planına uyğun olaraq, yerlərdə silsilə tədbirlər, anma mərasimləri keçirilmiş, şəhidlərin əziz xatirəsi böyük hörmət və ehtiramla yad edilmişdir.
Yanvarın 20-də Şəki şəhərindəki Şəhidlər xiyabanında ictimaiyyət nümayəndələrinin, əmək kollektivlərinin, müharibə və əmək veteranlarının, əsgər və zabitlərin, gənclərin iştirakı ilə ümumşəhər mitinqi keçirilmişdir. Şəhidlərin ruhuna dua oxunmuş, qəbirlərin üzərinə gül-çiçək dəstələri qoymuşlar.
Toplantını giriş sözü ilə şəhər icra hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova açaraq 20 Yanvar gününün müasir Azərbaycan tarixində xalqımızın azadlıq mübarizəsi və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrdən biri kimi böyük əhəmiyyət daşıdığını bildirmişdir. Vurğulanmışdır ki, məhz 1990-cı il 20 yanvar gecəsində Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, azadlıq uğrunda mübarizə əzmini bir daha bütün dünyaya bəyan etmişdir.
Mərasimdə çıxış edən şəhər icra hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəfail Mənəfov bildirmişdir ki, imperiya qüvvələrinin hərb maşınının 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı həyata keçirdiyi vandalizm, terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Natiq 20 Yanvar hadisələrinə hüquqi və siyasi qiymət verilməsində, faciənin günahkarlarının üzə çıxarılmasında, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini önə çəkmiş, məhz ulu öndərimizin müdrik siyasəti və qətiyyətli addımları nəticəsində bu gün 20 Yanvarın respublikamızın hər yerində xalqımızın qəhrəmanlıq salnaməsi günü kimi qeyd edildiyini xüsusi vurğulamışdır.
Natiq qeyd etmişdir ki, Heydər Əliyev siyasi kursunu çox uğurla davam etdirən və yaradıcılıqla həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin dövlətimizin daha da qüdrətlənməsi, xalqımızın firavan yaşaması üçün yürütdüyü daxili və xarici siyasətin bir istiqaməti də məhz şəhid ailələrinə göstərdiyi hədsiz diqqət və qayğıdır. Xalqımız bunu dövlət başçımızın imzaladığı fərman və sərəncamlarda, onun çıxış və nitqlərində, müvafiq strukturlara verdiyi tövsiyələrində aydın görür. Məhz cənab Prezidentin 19 yanvar 2006-cı il tarixli «20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında", eyni zamanda həmin təqaüdün artırılması ilə bağlı 2008 və 2011-ci illərdə imzaladığı fərmanlarla şəhid ailələrinə dövlət qayğısı artırılmışdır. Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Şəki şəhərində ümumilikdə 114 mənzildən ibarət 4 inzibati yaşayış binası tikilərək həmin qəbildən olan insanların istifadəsinə verilmişdir.
Tədbirdə Qarabağ müharibəsi veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Məmmədnuru Əzizov, əməkdar müəllim Ruhangiz Abdullayeva çıxış edərək şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində dövlətimizin başçısı tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, bu qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Saat 12.00-da rayonun bütün yaşayış məntəqələrində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
 

Keçidlər