Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Marxal” sanatoriya-istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanışlıq

06 noyabr 2015 | 03:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Şəkidə “Marxal” sanatoriya-istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olub.
Prezident İlham Əliyevin 2012-ci ildə “Marxal” sanatoriya-istirahət kompleksinin yaradılması haqqında imzaladığı Sərəncamdan sonra başlayan inşaat işləri sürətlə davam etdirilir. Ərazisi 30 hektar olan kompleksdə 412 yerdən ibarət 178 otaqlı yeddimərtəbəli mehmanxana binası inşa olunur. Burada 126 birotaqlı, 52 ikiotaqlı nömrələr olacaq.
Dövlətimizin başçısı kompleksdə hazır nümunəvi otaqlara baxdı.
Diqqətə çatdırıldı ki, kompleksdə 250 nəfərlik restoran, lobbi bar, 6 ticarət mağazası, 2 kinoteatr zalı, konfrans, uşaqlar üçün əyləncə zalları qonaqların ixtiyarında olacaq. Ərazidə 600 nəfərlik restoran, 40 nəfərlik yay kafesi, həmçinin 164 yerlik 27 ikimərtəbəli kottec də olacaq.
Prezident İlham Əliyev hazır kotteclərdə yaradılan şəraitlə də tanış oldu. Kotteclərin hər biri müasir standartlar səviyyəsində inşa olunub. Bildirildi ki, burada yaradılacaq süni göl kompleksə xüsusi yaraşıq verəcək. Kompleksin ərazisində uşaqlar üçün su attraksionları və böyük hovuz qurulacaq. Kompleks istifadəyə veriləndən sonra burada müxtəlif əyləncə bölmələri də fəaliyyət göstərəcək. Məsələn, 6 boulinq xəttinin olduğu mərkəz, mini futbol, tennis və basketbol meydançaları, 500 nəfərlik amfiteatr, SPA mərkəzi, qapalı hovuz, sauna, fitnes zalı, müxtəlif müalicə prosedurlarının aparılacağı otaqlar kompleksin özəlliyini daha da artırır. Bu müalicə və istirahət kompleksinin inşasının gələn il başa çatdırılması nəzərdə tutulub. Kompleks istifadəyə veriləndən sonra burada 310 nəfər işlə təmin ediləcək.
Dövlətimizin başçısı inşaat işlərinin gedişi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Keçidlər