Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkili şəbəkə ustasının əl işləri Vatikan kilsəsini bəzəyəcək

13 noyabr 2015 | 11:11

Şəkidən olan tanınmış şəbəkə ustası Tofik Rəsulovun hazırladığı şəbəkə işləri tezliklə Vatikandakı kilsələrdən birini bəzəyəcək.
Şəkili sənətkar AZƏRTAC-a müsahibəsində bildirib ki, bu sifariş ona Vatikan Dövlətinin Azərbaycandakı keçmiş səfiri Klaudio Quqerotti tərəfindən edilib.
Ustanın dediyinə görə, diplomat K.Quqerotti Şəkidə olarkən onun emalatxanasına da baş çəkib. T.Rəsulovun hazırladığı şəbəkə işləri səfirin çox xoşuna gəlib. Bu tanışlıqdan sonra Vatikanın ölkəmizdəki səfiri gənclərin bu sənətə cəlb olunmasına kömək məqsədilə Heydər Əliyev Fondu ilə birgə Şəkidə xüsusi layihə həyata keçirib. Layihə çərçivəsində şəbəkə ustası 6 nəfər şəkili gəncə bu sənətin sirlərini öyrədib. Tofik usta deyir: “Layihə çox yüksək səviyyədə həyata keçirildi. Heydər Əliyev Fondunun və Vatikan diplomatının bizə çox böyük köməyi oldu. Hazırda bu gənclər mənim emalatxanamda çalışırlar. Sevinirəm ki, gənclər artıq bu sənətə maraq göstərirlər, şəbəkə sənəti yaşayır”.
Tofik Rəsulov bildirib ki, Klaudio Quqerottinin Vatikanın Belarusdakı səfiri təyin olunmasından sonra da əməkdaşlıqları davam edib: “Səfir Klaudio bu sifarişi mənə Belarusdan göndərib. Vatikandakı kilsələrdən birinin qapı-pəncərələrini şəbəkədən hazırlamalı idik. İl yarım bundan əvvəl həvəslə bu işə girişdik. Sifarişdə nəzərdə tutulan şüşəsiz şəbəkə arakəsmələr, 4 şəbəkə pəncərə, şəbəkə qapılar, şəbəkə tavan və digər hissələr artıq tam hazırdır. İndi hazırladığımız işlərin Vatikana göndərilməsi üçün müvafiq sənədlərin hazırlanması ilə məşğuluq. Bizim üçün çox böyük şərəfdir ki, Azərbaycan şəbəkəsi artıq Avropaya da yol açır. Şəki sənətkarlarının əl işləri İtaliyada, Vatikan kimi məşhur bir dövlətdə kilsəni bəzəyəcək”.

Keçidlər