Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində məktəblilərin bölgələrə səyahəti başlayıb

17 noyabr 2015 | 02:11

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyaya qoşulan Şəki məktəblilərindən ibarət qrup noyabrın 16-da səhər saatlarında Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola çıxıblar.
Bu münasibətlə Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında yolasalma mərasimi təşkil olunub.
Şəhər icra hakimiyyətinin əməkdaşı Mayis Səlimli çıxış edərək bildirib ki, bu tur-aksiya məktəblilərə ölkəmizin müxtəlif bölgələri, oradakı tarixi abidələr, qədim yaşayış məskənləri ilə yaxından tanış olmaq imkanı yaradır. Layihənin əvvəlki mərhələlərində qədim Şəki diyarının Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan yüzlərlə məktəblini qəbul etdiyini bildirən icra hakimiyyətinin təmsilçisi tur-aksiyanın hazırki mərhələsində də Şəkiyə respublikamızın 8 şəhər və rayonundan məktəblilərin gələcəyini diqqətə çatdırıb.
Qrupun rəhbəri, şəhər təhsil şöbəsinin əməkdaşı Məmməd Qədirov  müsahibəsində Şəki məktəblilərinin Quba, Qusar və Xaçmazın tarixi məkanlarına, muzeylərinə ekskursiyaları böyük səbirsizliklə gözlədiklərini vurğulayaraq deyib: “Məktəblilər Vətənimizin səfalı guşələrini görməklə yanaşı, marşrut boyunca bölgələrdə həyata keçirilən sosial-iqtisadi inkişafın canlı şahidi olacaq, özlərinə yeni dostlar tapacaqlar. Bu ekskursiya onların ölkəmiz haqqında biliklərinin zənginləşməsinə müsbət təsir göstərəcək”.
Şəhərdəki 5 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Şəfəq Əzimova sevincini bu sözlərlə ifadə edib: “Bu gün ölkəmizin çox böyük maraq doğuran gözəl guşələrindən birinə yola düşürük. Şimal bölgəsinin gözəl təbiətə malik olduğunu, qədim tarixi abidələrlə zəngin olduğunu bilirəm. İndi bütün bunları öz gözlərimizlə görəcəyik. Bu layihə dövlətimizin başçısının biz gənclərə verdiyi dəyərin ifadəsidir”.
Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusla marşrut üzrə yola düşüblər.

Keçidlər