9 Noyabr - Dövlət Bayrağı Günü ərəfəsində məktəblilərin Dövlət Rəmzləri Muzeyinə ekskursiyaları təşkil edilib
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Şəkidə keçirilən tədbirlər çərçivəsində orta məktəb şagirdlərinin Dövət Rəmzləri Muzeyinə ekskursiyaları təşkil olunub.
Şagirdlərə ekskursiyalar zamanı burada sərgilənən eksponatlar barədə geniş və ətraflı məlumat verilib.
Bildirilib ki, belə muzeylərin yaradılması dövlət rəmzlərinə olan sonsuz sevgini nümayiş etdirməklə yanaşı, gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə olunmasına mühüm töhfə verir.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Bayraq milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.
Vurğulanıb ki, Şəki şəhərində dövlət bayrağına yüksək ehtiram nümunəsi olaraq Bayraq Meydanında dirəyinin hündürlüyü 72,4 metr olan Azərbaycan bayrağı ucaldılıb.







