Şəkinin tarixi məkanları ilə tanışlıq tur-aksiya iştirakçılarının ürəyincə olacaq
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Quba, Qusar və Xaçmaz rayonlarının məktəblilərindən ibarət qruplar ölkəmizin şimal-qərb bölgəsinə ekskursiyaları çərçivəsində noyabrın 17-də axşam saatlarında Şəki şəhərinə gəldilər.
Tur-aksiyanın iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında şəhər icra hakimiyyətinin və təhsil şöbəsinin rəsmiləri tərəfindən mehribanlıqla qarşılanıblar.
Qonaqlara qədim Şəkinin tarixi, mədəniyyəti və turizm potensialı barədə qısa məlumat verilib. Diqqətə çatdırılıb ki, Şəki Azərbaycanın ən qədim yaşayış və mədəniyyət məskənlərindən biridir. Şəkidə dövlət qeydiyyatına götürülən 84 tarix və mədəniyyət abidəsi var. Şəki, həm də festivallar şəhəri kimi tanınır. Hər il bu şəhərdə beynəlxalq səviyyəli bir neçə festival keçirilir.
Sonra tur-aksiyanın iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında xatirə şəkilləri çəkdiriblər.
Hər üç rayonun məktəblilərini noyabrın 18-də Şəkinin tarixi yerlərinə maraqlı ekskursiyalar gözləyir.