Şriftin ölçüsü :

Saytın rəngi :

Fransanın Kolmar və Azərbaycanın Şəki şəhərləri arasında dostluq və əməkdaşlıq xartiyası imzalanıb

21 noyabr 2015 | 09:11

Fransa Respublikasının Kolmar şəhəri ilə Azərbaycan Respublikasının Şəki şəhəri arasında dostluq və əməkdaşlıq xartiyası imzalanıb.
Mərasimdə çıxış edən Kolmar şəhərinin meri Jilber Meyer qeyd edib ki, bu xartiyanın imzalanması tərəflər arasında əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində aparılan müzakirələrin nəticəsidir.
Kolmar şəhər merinin başçılıq etdiyi nümayəndə heyətinin 2013-cü ildə Şəki şəhərinə səfərindən danışılaraq iki şəhər arasında olan oxşar cəhətlər vurğulanıb.
İmzalanma mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov noyabrın 13-də Parisdə törədilən terror aktları qurbanlarının ailə üzvlərinə başsağlığı verib, yaralananlara şəfa diləyib. O, Şəkinin tarixi–memarlıq abidələri, o cümlədən Xan sarayı haqqında ətraflı məlumat verib. İcra başçısı Şəkinin festivallar şəhəri olduğunu və keçən il dörd festivala ev sahibliyi etdiyini diqqətə çatdırıb.
Fransa ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə toxunan E.Usubov bu xartiyanın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı xarici siyasətin uğurlu nəticəsi olduğunu qeyd edib.
O, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli mədəni irsimizin qorunub saxlanmasına verdiyi töhfələrdən danışaraq onun təşəbbüsü ilə Şəkidəki “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi istiqamətində görülən işləri vurğulayıb.
Fransa - Qafqaz Dostluq qrupunun rəhbəri, senator Andre Rişar və Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov xartiyanın əhəmiyyətinə toxunaraq onun iki ölkə arasındakı əlaqələrin inkişafına töhfə verəcəyinə əmin olduqlarını bildiriblər.
Sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Kolmar şəhərinin meri Jilber Meyer dostluq və əməkdaşlıq xartiyasını imzalayıblar.
Qeyd edək ki, bu il mayın 20-də Şəki şəhərində imzalanan xartiya qarşılıqlı olaraq Kolmar şəhərində də imzalanmalı idi.
Xartiyanın məqsədi iki şəhər arasında dostluq əlaqələrini inkişaf etdirmək, görüşlər və mübadilələr vasitəsilə mədəniyyət, turizm və iqtisadi sahələrdə ikitərəfli əlaqələrə təkan verməkdir.
Xartiyaya əsasən, Kolmarda təşkil olunan Milad bayramı bazarında Azərbaycan da iştirak edəcək.

Keçidlər