Şəkinin iki kəndində 673 abonentə “mavi yanacaq” verilib
Noyabrın 20-də Şəki rayonunun daha iki yaşayış məntəqəsinə - Sarıca və Baltalı kəndlərinə təbii qaz verilib.
186 abonenti olan Sarıca və 487 abonenti olan Baltalı kəndlərinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 13 min 115 metr olan müxtəlif diametrli polietilen və ümumi uzunluğu 18 min 312 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Bu münasibətlə Sarıca kəndində keçirilən mərasimdə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən bəhs edilib. Diqqətə çatdırılıb ki, bu ilin sonunadək Şəkinin daha 17 yaşayış məntəqəsi təbii qazla təmin olunacaq.
Kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.