Ötən il Şəki rayonunda 1515 mənzilə qaz çəkilmişdir
Ötən il Şəki rayonunda 1515 mənzilə qaz çəkilmiş, abonentlərin ümumi sayı 19 min 409 nəfərə çatmışdır.
Hesabat ilində 423 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbəyə təbii qazın verilməsi təmin olunmuşdur. İl ərzində həyətlərdə quraşdırılmış və istismar müddəti başa çatmış 4.303 qaz sayğacı yenisi ilə əvəz olunmuş, şəhər ərazisində 5, kəndlərdə 6 ədəd yeni qaz tənzimləyici quraşdırılmış, həyətlərdən keçən qaz xətləri küçəyə çıxarılmışdır.
Rayon qaz istismarı sahəsindən bildirmişlər ki, bundan əlavə, ötən il Şəki şəhərinin Olimpiya yaşayış məhəlləsində yeni tikilmiş mənzilləri “mavi yanacaq”la təmin etmək məqsədilə 6.700 metr uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilmiş, şəhərdə aparılan abadlıq işləri ilə əlaqədar Heydər Əliyev prospektində qaz xətləri yenidən qurularaq yeraltı xətlərlə əvəz olunmuşdur. “Marxal” istirahət kompleksinin qazlaşdırılması üçün 6.485 metr, Salman Mümtaz küçəsində mövcud qaz xəttinin təhlükəsiz sahəyə çıxarılması məqsədilə 8.418 metr uzunluğunda polietilen borudan istifadə edilmişdir.
Hazırda Turan qəsəbəsi istiqamətində yeni qaz xəttinin çəkilişi davam edir. Qəsəbəyə təbii qazın verilişinin bərpa etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ötən il 3.900 metr uzunluğunda daşıyıcı və 12 min 550 metr uzunluğunda paylayıcı qaz xətləri yenidən qurulmuşdur.
Cari ildə qəsəbə əhalisinə təbii qazın verilməsinə başlanılacaqdır.