Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhəri 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub

28 noyabr 2015 | 08:11

2015-ci ildə Türkmənistanın Marı şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının növbəti 33-cü toplantısı öz işinə başlayıb. Toplantıda ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Toplantı çərçivəsində ötən il həyata keçirilmiş layihələrə dair TÜRKSOY Baş katibinin hesabatı dinlənilib, 2016-cı il üçün tədbirlər planı təsdiqlənib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, toplantıda çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev TÜRKSOY təşkilatı tərəfindən həyata keçirilən “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın qədim tarixi və mədəni mərkəzlərindən biri olan Şəki şəhərinin 2016-cı il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı Azərbaycan tərəfinin təklifinin TÜRKSOY təşkilatı tərəfindən nəzərdən keçirilməsini xahiş edib.
Vurğulayıb ki, füsunkar təbiəti, nadir tarix-memarlıq abidələri, inkişaf etmiş sənətkarlığı, zəngin irsinin qorunması nəticəsində bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmiş Şəkinin türk dünyasının mədəniyyət paytaxtı elan olunması unikal mədəniyyətimizin təşviqində əhəmiyyətli rol oyanacaq.
Nazirin birinci müavini TÜRKSOY təşkilatının 2015-ci il üçün iş planına Azərbaycanın tanınmış şairlərindən biri olan Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin qeyd edilməsi ilə bağlı tədbirlərin salınması və bununla bağlı təşkilata üzv ölkələrdə müxtəlif tədbirlərin keçirildiyini qeyd edib. Vurğulayıb ki, TÜRKSOY-un təşkilatçılığı ilə Bəxtiyar Vahabzadənin 90 illik yubileyi ilə əlaqədar "Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri" kitabı nəşr olunaraq Bakıda, Almatıda və Bişkekdə təqdimatları keçirilib.
V.Əliyev TÜRKSOY-un Azərbaycan Hökumətinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə fəal iştirakını qeyd edərək, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə 2011-ci ildən etibarən hər iki ildən bir Bakı şəhərində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda və forum çərçivəsində keçirilən tədbirlərdə TÜRKSOY təşkilatının yüksək səviyyədə təmsil olunması barədə məlumat verib.
TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının növbəti 33-cü toplantısının yekununda Azərbaycan tərəfinin Şəki şəhərinin 2016-cı il üçün türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı təklifi üzv dövlətlər tərəfindən yekdilliklə müsbət qiymətləndirilib və Şəki “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub.

Keçidlər