Şəkinin ən ucqar kəndində yeni məktəb binası istifadəyə verilib
Şəkinin ən ucqar yaşayış məntəqəsi olan, rayon mərkəzindən 90 kilometr aralıda yerləşən Qaratorpaq kəndində Təhsil Nazirliyi tərəfindən tam orta məktəb üçün inşa edilən yeni məktəb binası istifadəyə verilib.
Bu münasibətlə dekabrın 1-də keçirilən mərasimdə şəhər icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov və şəhər təhsil şöbəsinin müdiri Südabər İsmayılova çıxış edərək ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından, rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıblar.
Diqqətə çatdırılıb ki, son illər Şəkidə 26 yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. O cümlədən, cari ildə rayonda 4 yeni məktəb binası qapılarını şagirdlərin üzünə açıb.
Vurğulanıb ki, ötən tədris ilinin yekunları Qaratorpaq kənd məktəbinin kollektivi üçün uğurlu olub. Məktəbi bitirən 9 məzundan 6-sı ali məktəblərə daxil olmaq üçün sənəd verib və onların hamısı tələbə adını qazanıb. Məzunlardan 2 nəfəri qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərib.
Rəmzi lent kəsildikdən sonra yeni məktəb binasına baxış olub. 132 şagird yerlik ikimərtəbəli məktəb binasında 11 sinif otağı, həmçinin 2 laboratoriya, kompyuter otağı, kitabxana, bufet, akt və idman zalı fəaliyyət göstərir. Məktəb binası maye yanacaqla işləyən müasir istilik sistemi ilə təchiz olunub.
Diqqətə çatdırılıb ki, 97 şagirdin təhsil aldığı məktəbdə 22 müəllim çalışır.
Xatırladaq ki, bu il sentyabrın 4-də Şəki rayonu ərazisində baş vermiş güclü zəlzələ zamanı Qaratorpaq kəndindəki yaşayış evlərinə də ciddi ziyan dəyib. Hazırda kənddə zəlzələdən zərər çəkmiş sakinlər üçün 29 fərdi ev tikilir.