Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin ucqar kəndinə təbii qaz verilib

10 dekabr 2015 | 08:12

Uzun illər fasilədən sonra dekabrın 9-da Şəki rayonunun ucqar yaşayış məntəqələrindən olan Dərəcənnət kəndinə təbii qaz verilib.
200 abonenti olan kəndin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 17 min 208 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Bu münasibətlə keçirilən mərasimin əvvəlində “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən qəza nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər ölkə əhalisinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılmasının Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayıblar. Bildirilib ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, digər rayonlar kimi, Şəkinin yaşayış məntəqələrinin də mərhələli şəkildə qazlaşdırılması məqsədi ilə zəruri işlər görülür. Diqqətə çatdırılıb ki, 2015-ci ildə rayonun 6 kəndinə “mavi yanacaq” verilib. İlin sonunadək Şəkinin daha 15 kəndinə təbii qazın verilməsi nəzərdə tutulur.
Kənd ağsaqqalları, ziyalılar çıxış edərək əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.

Keçidlər