Ulu öndər Heydər Əliyevin mənalı ömür yolu gələcək nəsillər üçün əsl örnəkdir
Bütün ömrünü xalqının tərəqqisinə, yüksəlişinə, inkişafına həsr edən ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının ən parlaq və qüdrətli şəxsiyyətlərindən biridir. Vətən təəssübü, xalq sevgisi Ümummilli Liderin həyat yolu, amalı, qayəsi olub. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən bu böyük şəxsiyyətin keçdiyi mənalı ömür yolu, xalqının yolunda göstərdiyi misilsiz xidmətlər müasirlərimiz və gələcək nəsillər üçün əsl örnəkdir.
Bu fikirlər Ulu Öndərin vəfatının on ikinci ildönümü ilə əlaqədar Şəki şəhərində keçirilən anım mərasimində səsləndirilib.
İctimaiyyət nümayəndələri və ziyalıların iştirakı ilə keçirilən toplantıda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Ümummilli Liderin mənalı ömür yolundan, xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən danışıb.
Bildirilib ki, bu günlər xalqımız dahi rəhbər Heydər Əliyevin vəfatının ildönümünü böyük hörmət və ehtiramla yad edir. Heydər Əliyev Azərbaycan tarixində müstəqil və suveren dövlətin simvolu, cəsur insan, ən böyük vətəndaş kimi qalıb. Bu gün ölkəmizin əldə etdiyi bütün uğurlar bu dahi şəxsiyyətin adı ilə bağlıdır. Müasir tariximizi Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyildir.
Vurğulanıb ki, bütün həyatını xalqının tərəqqisi və inkişafına həsr edən ümummilli lider Heydər Əliyevin əziz xatirəsi daim qəlblərdə yaşayacaq.
Tədbir Ulu Öndərə həsr olunan musiqili-bədii proqramla başa çatıb.