Şriftin ölçüsü :

Saytın rəngi :

Orta Zəyzid kənd icra nümayəndəliyində hesabat

27 yanvar 2013 | 16:00

Yanvarın 24-də Şəkinin Orta Zəyzid kəndində hesabat yığıncağı keçirilmişdir. Kənd icra nümayəndəsi Xuraman Mustafayevanın nümayəndəliyin 2012-ci ildə gördüyü işlərə dair hesabatı dinlənilmişdir.
Qeyd olunmuşdur ki, icra nümayəndəliyi Orta Zəyzid, Köbər Zəyzid və Qırxbulaq kəndlərini əhatə edir. Nümayəndəlikdə 1462 təsərrüfatda 4831 nəfər əhali yaşayır.
Bildirilmişdir ki, hazırda nümayəndəlik üzrə əhalinin istifadəsində cəmi 3300 hektar torpaq sahəsi vardır. Kənd sakinləri əsasən maldarlıq, taxılçılıq və tərəvəzçiliklə məşğul olurlar. Nümayəndəliyin əhatə etdiyi Orta Zəyzid ərazisində kənd icra nümayəndəliyi, bələdiyyə, iki tam orta məktəb, tibb məntəqəsi, uşaq bağçası, kitabxana, EATS, poçt, Köbər Zəyzid kəndi ərazisində kənd tam orta məktəbi, kitabxana, tibb məntəqəsi, klub, poçt, Qırxbulaq kəndi ərazisində kənd ümumi orta məktəbi, klub, tibb məntəqəsi fəaliyyət göstərir.
Müddət ərzində Orta Zəyzid kəndinin seldən mühafizəsi məqsədilə Zəyzid və Qurcana çaylarının yatağının təmizləndiyi, kəndarası üç ədəd körpünün, 500 metr içməli su xəttinin, 3 km kəndarası, 1 km təsərrüfat yolunun cari təmir olunduğu, kəndə təbii qazın verildiyi, yeni yaşayış massivində artezian quyusu qazıldığı, Köbər Zəyzid kəndində 400 metr yeni içməli su xəttiinin çəkildiyi, təbii qaz verildiyi, 1 km-lik mərkəzi küçənin asfaltlaşdırıldığı, yeni poçt binası tikildiyi, 1600 metr suötürücü kanal qazıldığı, Qırxbulaq kəndində kəndarası yolların cari təmir olunduğu, 300 metr suötürücü kanal qazıldığı, 350 metr yeni su xətti çəkildiyi bildirilmişdir.
Yığıncaqda iştirak edən kənd sakinləri həyata keçirilən tədbirləri müsbət qiymətləndirərək həlli vacib məsələlərə də toxunmuş, Orta Zəyzid və Baş Zəyzid kəndlərinə gedən yolda qəzalı vəziyyətdə olan iki körpünün əsaslı təmirinin sürətləndirilməsi, Orta Zəyzid kəndinin mərkəzindən keçən çayın kənarında beton bəndin, uşaq bağçası üçün oyun meydançasının tikilməsi, Köbər Zəyzid kəndində EATS-in quraşdırılması, uşaq bağçası açılması, Qırxbulaq kəndində yeni məktəb binası tikilməsi, EATS quraşdırılması, mərkəzi küçənin abadlaşdırılması və digər məsələlərlə bağlı təkliflər bildirmişlər.
Hesabat yığıncağında iştirak edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, icra nümayəndəliyinin fəaliyyətinə münasibətini bildirmiş və qaldırılan problemlərin həlli üçün idarə və müəssisələrin rəhbərlərinə konkret tapşırıqlar vermişdir.
 

Keçidlər