Şriftin ölçüsü :

Saytın rəngi :

Komandaların sayının artması çövkən oyununun getdikcə populyarlaşmasından xəbər verir

19 dekabr 2015 | 07:12

Şəkidə keçirilən Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışlar ölkəmizin turizm potensialının təbliği və inkişafına, eyni zamanda, qeyri-maddi mədəni irsin qorunmasına töhfə verir. Builki oyunlarda rekord miqdarda – respublikamızın 22 şəhər və rayonundan 24 komanda iştirak edir. Komandaların sayının artması çövkən oyununun getdikcə populyarlaşmasından xəbər verir. Odur ki, yarışların proqramına çövkənlə yanaşı, daha 5 oyun növü də daxil edilib.
Bu sözləri mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Şəkidə jurnalistlərə müsahibəsində deyib.
Çövkən oyununun Azərbaycanın qeyri-maddi mədəni irs nümunəsi kimi 2013-cü ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini xatırladan nazir müavini, bunun həm də Azərbaycan dövlətinin qarşısına müəyyən öhdəliklər qoyduğunu bildirib. Nazim Səmədov deyib: “Bu öhdəliklər çövkən oyununun inkişafı və təbliği ilə bağlıdır. Belə yarışların keçirilməsi təbii ki, bu oyunların inkişafına, həm də ölkəmizə gələn turistlər arasında təbliğinə xidmət edir. Əgər 10 il əvvəl biz bu oyunlara 8 komanda ilə başlamışdıqsa, indi komandaların sayı 24-ə çatıb. Bu, o deməkdir ki, biz tədricən qarşıya qoyduğumuz məqsədə çatırıq”.
TÜRKSOY tərəfindən Şəki şəhərinin 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasını yüksək qiymətləndirən Nazim Səmədov deyib: “Bu xəbər bizi çox sevindirdi. Çünki Şəkinin türkdilli ölkələrin, türk dünyasının mədəniyyət mərkəzlərindən biri kimi tanınması, seçilməsi turizm baxımından da çox maraqlı və diqqətçəkən bir hadisədir. Şübhəsiz ki, bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY təşkilatı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə tədbirlər planı təsdiq olunacaq və il ərzində müxtəlif tədbirlər keçiriləcək”.

Keçidlər