Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə bayram tədbirlərinə start verilib

30 dekabr 2015 | 04:12

Ölkəmizin hər yerində olduğu kimi, Şəkidə də 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə aparılan hazırlıq işləri artıq yekunlaşıb.
  Yeni ilin gəlişi ilə əlaqədar Şəki şəhərinin küçələri, park və xiyabanlar, meydanlar bayramsayağı bəzədilib. Şəhərin mərkəzi hissəsində hündürlüyü 12 metr olan yolka quraşdırılıb. Bundan başqa, şəhərin müxtəlif yerlərində 2 ədəd 8 metrlik, 20 ədəd dekorativ yolka yerləşdirilib. İctimai binaların və evlərin fasadları, eyvanlar bayram libasına bürünüb. Şəhərin Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev, Mirzə Fətəli Axundzadə prospektlərində xüsusi işıqlandırma sistemləri quraşdırılıb. Şəhərin gecə görüntüləri xüsusilə cəlbedicidir.
Artıq bayram şənliklərinə də start verilib. Təşkilatlarda, təhsil müəssisələrində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə tədbirlər təşkil olunur. Bu gündən başlayaraq şəhərin mərkəzi meydanında şəhər sakinləri üçün yerli incəsənət ustalarının iştirakı ilə musiqi proqramları təqdim olunacaq.
Bayram tədbirləri rayon ərazisində yerləşən hərbi hissələrə də keçiriləcəkdir.  Burada əsgərlər üçün bayram süfrəsi açılacaq, yerli kollektivlər əsgər və zabitlər qarşısında konsert proqramı ilə çıxış edəcəklər.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə imkansız ailələrə bayram sovqatı veriləcəkdir.

Keçidlər