Şəhid ailələrinə maddi yardım edilmişdir
20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar yanvarın 18-də Şəki Şəhər İcra Hakimiyyətində şəhid ailələrinin üzvləri ilə görüş keçirilmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi yad edilmişdir.
Tədbirdə Şəki ŞİHB-nın müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova və Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Şəki şöbəsinin sədri Məmmədnuru Əzizov çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli cinayətdən, insanların vəhşicəsinə qətlə yetirilməsindən, Azərbaycan xalqının öz yenilməzliyini, qəhrəmanlığını, Vətənə və torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bir daha bəyan etməsindən danışıblar.
Natiqlər dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açmış, Şəki şəhərində bu istiqamətdə görülən işlərdən danışmışlar.
Tədbirin sonunda şəhid ailələrinin üzvlərini maraqlandıran suallara aydınlıq gətirilmiş, şəhər icra hakimiyyətinin adından onlara maddi yardım göstərilmişdir.