Hərbi xidməti başa vuran şəkili gənclər Ali Baş Komandanın əmrlərinə hər an hazırdırlar
Günü-gündən inkişaf edən, möhkəmlənən Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etməyə hər an hazırdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın sülh yolu ilə azad olunması üçün bütün tədbirləri görür. Sülh yolu ilə alınmazsa, milli ordumuz ərazi bütövlüyümüzü müharibə yolu ilə də təmin etməyə tam hazırdır.
Bu fikirlər hərbi xidmətdən yenicə ehtiyata buraxılan hərbi vəzifəlilərlə Şəki şəhər rəhbərliyinin görüşü zamanı səsləndirilib.
Müddətli hərbi xidmətlərini yeni başa vuran şəkili gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyəti binasının qarşısında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin rəisi, polkovnik Asəf Əhmədov açaraq, ənənəvi olaraq keçirilən belə tədbirlərin ehtiyata buraxılan hərbi vəzifəlilərə bu çətin və şərəfli yolu uğurla başa vurduqlarına görə minnətdarlıq etmək, eyni zamanda, onların bundan sonrakı məşğulluğunun təmin olunması barədə fikir mübadiləsi aparmaq, arzu və istəklərini öyrənmək məqsədi daşıdığını bildirib.
Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, ağsaqqallar və ziyalılar çıxış edərək, son illər ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb, gəncləri hərbi xidməti şərəflə başa vurmaları münasibətilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.
Ordu sıralarından yenicə ehtiyata buraxılan hərbi vəzifəlilər Qorxmaz Mustafayev və Sülhəm Arifli Ali Baş Komandanın əmri ilə yenidən hərbi xidmət yerlərinə qayıtmağa və mənfur düşməni qısa müddətdə torpaqlarımızdan təmizləməyə hər an hazır olduqlarını bildiriblər.
Tədbirin sonunda hərbi xidmət dövründə fərqlənən bir qrup gəncə hədiyyələr təqdim olunub.