Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Baş nazirin müavini cənab Abid Şərifovun iştirakı ilə geniş müşavirə keçirilmişdir

31 yanvar 2016 | 11:01

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Baş nazirin müavini cənab Abid Şərifovun iştirakı ilə yanvarın 30-da Şəki şəhərində geniş müşavirə keçirilmişdir.
Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar,  idarə və təşkilatların, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri,  şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, iş adamları və Şəkidən seçilmiş Milli Məclisin deputatları iştirak ediblər.
Müşavirəni giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açmış və tədbirin keçirilməsinin məqsədini açıqlamışdır.
Sonra çıxış edən  Baş nazirin müavini cənab Abid Şərifov bildirmişdir ki, yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  regionların inkişafı ilə bağlı məsələlər nəzərə alınmaqla mövcud vəziyyəti və görüləcək işləri bir daha dərindən təhlil etmiş və yeni vəzifələr müəyyənləşdirmişdir. Bugünki yığıncağın məqsədi də cənab Prezidentin tapşırıqlarından irəli gələn vəzifələri və rayonda mövcud vəziyyəti müzakirə etməkdir.
Baş Nazirin müavini ölkə Prezidentinin Şəkiyə olan qayğısını xüsusi vurğulamış və bildirmişdir ki, son illər Şəkidə sosial infrastrukturun yaxşılaşdırılması, təhsil müəssisələrinin inşası, tarixi abidələrin bərpası istıqamətində xeyli iş görülmüşdür. O, Şəki Məhkəmə Kompleksinin açılışında cənab Prezidentin Şəki haqqında dediyi xoş sözləri bir daha müşavirə iştirakçılarının nəzərinə çatdırmışdır. Qədim Şəki şəhərinin güclü iqtisadi potensialının və tarixi təcrübəsinin olduğunu diqqətə çatdıran A.Şərifov bildirmişdir ki,  Şəki hələ sovet dövründə kənd təsərrüfatının, sənayenin  yüksək şəkildə inkişaf etdiyi şəhərlədən biri olmuşdur. O, son illər unudulmuş kənd təsərrüfatı sahələrinin – baramaçılığın, tütünçülüyün bərpasının vacibliyini qeyd etmişdir.  A.Şərifov yeni iş yerlənnin yaradılması ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar vermiş, sahibkarlığın inkişafı ilə bağlı konkret addımların atılmasının vacib olduğunu bildirmişdir. O, icra strukturlarına qısa müddət ərzində bu istiqamətdə işləməyi və mütəmadi olaraq bu barədə məlumat verilməsini tapşırmışdır. A.Şərifov eyni zamanda, əhalini narahat edən məsələlərin aradan qaldırılması ilə bağlı tapşırıqlarını vermiş, müzakirə olunan məsələlərlə bağlı təkliflərin qısa müddətdə hazırlanaraq  təqdim edilməsini xahiş etmişdir.
Tədbirdə  çıxış edən sahibkarlar gördükləri işlər haqqında məlumat vermiş, Milli Məclisin deputatları isə bir sıra təkliflər səsləndirmişlər.
  Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov  son dövrlər Şəkidə görülmüş işlərdən, həyata keçirilən layihələrdən söz açmış, tədbirin əhəmiyyətini vurğulamış və bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarından irəli gələn vəzifələrin icrası, o cümlədən, yeni iş yerlərinin açılması və sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində sahibkarlarla və əhali ilə əlaqələrin daha sıx qurulması və Şəki rayonu ərazisində fəaliyyətini dayandırmış müəssisələrin fəaliyyətinin bərpası ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün Şəki Şəhər İcra Hakimiyyətində xüsusi qərargah yaradılmışdır.
Sonda tədbir iştirakçıları, xüsusən də sahibkarlar regionlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər