Şəkidə Gənclər günü münasibətilə tədbir keçirilib
Şəkidə 2 fevral Gənclər Günü münasibətilə tədbir keçirilib. Şəki şəhər Gənclər və İdman İdarəsi ilə YAP Şəki Təşkilatı Gənclər Birliyinin birgə təşkil etdiyi tədbirdə gənclərlə yanaşı, şəhər ictimaiyyətinin nümayəndələri, Şəkidə yerləşən hərbi hissələrin əsgər və zabitləri, media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Vüqar İskəndərov ölkədə həyata keçirilən gənclər siyasətindən, ölkə prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi qayğıdan, gənclərin respublikamızın ictimai-siyasi həyatında iştirakından, ötən il Şəki gənclərinin qazandıqları uğurlardan bəhs edib, onların qarşısında duran vəzifələrə toxunub.
Tədbirdə digər çıxış edənlər gəncləri Gənclər Günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Tədbirdə bir neçə nominasiya üzrə qaliblərin adı açıqlanıb. “İlin gənci”, “İlin tələbə, gənclər təşkilatı”, “İlin qeyri hökümət gənclər təşkilatı”, “İlin gənc müəllimi” nominasiyaları üzrə qaliblər mükafatlandırılıb. Eyni zamanda, bilik yarışmalarında və olimpiadalarda yüksək nəticələr qazanmış gənclər və şəhərimizdə gənclər və idman sahəsində keçirilən tədbirləri geniş işıqlandıran media nümayəndələri mükafatlar alıblar.
Tədbirdə ali və orta ixtisas təhsili müsəssisələrinin tələbələrinin hazırladığı səhnəciklər, yerli incəsənət nümayəndələrinin çıxışı iştirakçılarda yüksək əhval-ruhiyyə yaradıb.