Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən il “Şəki-İpək” ASC-də 5,9 milyon manatlıq məhsul istehsal olunmuşdur

29 yanvar 2013 | 16:00

Ötən il “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətində bütün istehsal sahələri üzrə ümumilikdə 5 milyon 925 min manatlıq məhsul istehsal olunmuşdur. Əvvəlki illə müqayisədə məhsul istehsalı 1 milyon 330 min manat artmışdır. Ötən il müəssisə üzrə 2 milyon 167 min manatlıq məhsul satılmışdır.
Cəmiyyətdən bildirmişlər ki, 2012-ci ildə müəssisənin baramaaçan istehsalatında 2 min 82 kiloqram xam ipək, burucu istehsalatında 18 min 677 kiloqram burulmuş sap, toxucu istehsalatında 660 min kvadratmetrdən çox ipək parça, 103 min kvadratmetr pambıq parça və 11 min kvadratmetr tənzif istehsal olunmuşdur. Xalça sexində il ərzində 58,7 kvadratmetr ipək xalça, 212,5 kvadratmetr yun xalça, 43 kvadratmetr yun-ipək xalça toxunmuşdur.
Bundan əlavə, ötən il müəssisədə 22 min 200 bişmiş kəlağayı, 3 min 324 boyanmış kəlağayı, 2 min 804 şərf, 1.982 ton müxtəlif ölçülü pambıq sap və digər məhsullar istehsal olunmuşdur.
Müəssisənin burucu, toxucu, kəlağayı, boyaq-bəzək istehsalatlarının və xalça sexinin xammala olan tələbatını ödəmək məqsədilə ötən il Özbəkistanın ipəkçilik şirkətləri ilə 18 ton ipək sapın alınması barədə müqavilə imzalanmışdır. Müqaviləyə uyğun olaraq, bu ölkədən cəmiyyətə 7 ton ipək sap yola salınmışdır.
Qeyd edək ki, 2008-ci ildə müəssisədə illik istehsal gücü 1.740 ton olan pambıq əyirici istehsalat fəaliyyətə başlamışdır. Burada İsveçrədə istehsal olunmuş dəyəri 1 milyon 340 min avro olan texnoloji avadanlıq quraşdırılmışdır. Müasir texnologiyaların tətbiqi uğurla davam etdirilir. 2011-ci ildə Almaniyanın “Texitima” şirkətindən illik istehsal gücü 1.200 ton olan yeni avadanlıq və müxtəlif dəzgahlar gətirilərək quraşdırılmışdır.
Pambıq əyirici istehsalatın xammal ehtiyaclarını ödəmək məqsədilə ötən il respublikamızın pambıqçılıq rayonlarından müəssisəyə 1.200 ton mahlıc gətirilmişdir. Belə tədbirlər nəticəsində hazırda müəssisənin pambıq əyirici istehsalatı gün ərzində fasiləsiz rejimdə işləyir.
Xatırladaq ki, ötən il “Şəki-İpək” ASC-nin mütəxəssisləri tərəfindən Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı xüsusi konsepsiya hazırlanmış, baxılmaq üçün aidiyyəti dövlət qurumlarına təqdim edilmişdir. Layihədə ipəkçiliyin yem bazasının möhkəmləndirilməsi, barama istehsalının artırılması, bu sahədə çalışanların sosial rifahının yaxşılaşdırılması və digər məsələlər əksini tapmışdır.
 

Keçidlər