Şəkidə əhalinin tibbi müayinəsi başlanmışdır
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, respublikamızda əhalinin tibbi müayinədən keçirilməsinə başlanılıb. İnsanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiya mayın 15-dək davam edəcəkdir.
Tibbi müayinələrə Şəkidə də ciddi hazırlıq işləri görülüb. Müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi tədbirlər planı hazırlanıb, qrafik müəyyənləşdirilib. Əhalinin müayinə olunması üçün Şəki mərkəzi rayon xəstəxanasının konsultativ poliklinika şöbəsində bütün lazımi şərait yaradılmışdır.
Tibbi müayinələrin keçirilməsi üçün təcrübəli, yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları yaradılmışdır. Aksiyanın davam etdiyi müddətdə poliklinikadakı ümumi və biokimyəvi laboratoriyalar, rentgen, elektrokardioqrafiya, ultrasəs, flüoqrafiya kabinetləri, habelə ehtiyac yaranarsa, digər müayinə kabinetləri əhaliyə pulsuz tibbi xidmət göstərəcəkdir. Səhiyyə ocağı səhər saat 8-dən axşam 8-dək ikinövbəli iş rejimində çalışır. Müayinələr əvvəlcədən müəyyənləşdirilmiş qrafik əsasında həyata keçirilir..
Aksiyanın başlandığı üç gün ərzində Şəkidə 1200 nəfərə yaxın insan tibbi müayinədən keçmişdir.