ABŞ-ın Bond Street Teatrı Şəki teatrsevərlərinin qonağı olub
ABŞ-ın Azərbaycandakı səfirliyinin dəvəti ilə ölkəmizə səfərə gələn Bond Street Teatrı fevralın 17-də Şəki teatrsevərlərinin qonağı olub.
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında oynanılan “Ay dövriyyəsi” adlı tamaşadan əvvəl ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Emi Pitersen Bond Street Teatrı barədə məlumat verib. Bildirilib ki, kollektivin Azərbaycana səfəri ABŞ səfirliyinin “Sülh naminə icma dramı” proqramı çərçivəsində reallaşıb.
Teatrın təqdim etdiyi “Ay dövriyyəsi” adlı sosial tamaşanın hazırlanmasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də yaxından iştirak ediblər. Proqram çərçivəsində ABŞ teatrının əməkdaşları ilkin seçim mərhələsində universitetin 25 tələbəsinə bir həftə müddətində sosial teatr sənətinin müxtəlif üslubları, o cümlədən komandanın qurulması, təxəyyülün stimullaşdırılması, liderlik və ünsiyyət bacarıqları, əhvalatların danışılması, həyatdan götürülən ssenarilərin qurulması və digər məsələlərlə bağlı təlimlər keçiblər. Tələbələrin arasından seçilən 8 iştirakçı “Ay dövriyyəsi” adlı tamaşanın hazırlanmasına cəlb olunub.
Diqqətə çatdırılıb ki, hazırda Bond Street Teatrı dünyanın müxtəlif ölkələrindən olan yerli teatr kollektivləri ilə əməkdaşlıq edir, icma əsaslı incəsənət layihələri üzərində işləyir. Bu teatr indiyədək dünyanın 30-dan artıq ölkəsində teatr layihələri nümayiş etdirib.
Azərbaycana səfərləri çərçivəsində kollektiv yeni hazırlanan tamaşa ilə artıq paytaxt teatrsevərlərinin qarşısında çıxış edib. Şəkidən sonra yaradıcı kollektiv Zaqatala, Gəncə və Bərdə şəhərlərində də tamaşalar göstərəcək.
Kollektivin təqdim etdiyi sosial tamaşa Şəki teatrsevərləri tərəfindən maraqla qarşılanıb.