Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə dini ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər müzakirə edilib

25 fevral 2016 | 11:02

Dini ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələr fevralın 24-də Şəkidə keçirilən bölgə seminar-müşavirəsinin əsas müzakirə mövzusu olub.
Seminar-müşavirədə Azərbaycan Respublikası Baş Prokurorluğunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Daxili İşlər və Ədliyyə nazirliklərinin rəsmi şəxsləri, bu qurumların Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarındakı yerli strukturlarının rəhbər və məsul nümayəndələri iştirak ediblər.
Tədbiri Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq, dini ekstremizə qarşı mübarizə sahəsində aidiyyəti strukturların fəaliyyətinin əlaqələndirilməsi baxımından seminarın əhəmiyyətini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxış edərək dini ekstremizmə qarşı mübarizə ilə əlaqədar Komitə tərəfindən silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, bugünkü toplantı əvvəlkilərdən fərqli olaraq, əsasən icra strukturları və hüquq mühafizə orqanlarının bu sahədəki qarşılıqlı əlaqələrinin gücləndirilməsi baxımından diqqəti cəlb edir. Seminarın əsas məqsədi ölkəmizdə bu sahədə mövcud vəziyyət barədə iştirakçılara ətraflı məlumat vermək, qarşıda duran vəzifələri müəyyənləşdirməkdən ibarətdir.
Dini ekstremizmin yaranma səbəbləri barədə məlumat verən Səyavuş Heydərov deyib ki, heç bir din insanları qarşıdurmaya, müharibəyə, münaqişəyə cəlb etmir. Əksinə, bütün dinlər insanları sülhə, həmrəyliyə, birgə yaşayışa çağırır. Vurğulanıb ki, bu gün dünyada geopolitik maraqlar çox təhlükəli həddə gəlib çatıb. Bəşəriyyət böyük təhlükə ilə üzləşib. Bunu Yaxın Şərqdə, Suriyada baş verən hadisələr bir daha sübut edir. Bu vəziyyəti yaradan qüvvələr, ölkələr artıq özləri də başa düşürlər ki, idarə olunan xaos yaratmaqla dünyada hökmranlığa sahib ola bilməyəcəklər.
S.Heydərov bildirib ki, dünyada din amilindən siyasi vasitə kimi istifadə olunur. Belə bir zamanda vətəndaşlara əsil həqiqəti çatdırmaq üçün bütün imkanlar səfərbər edilməli, qabaqlayıcı tədbirlər görülməli, geniş maarifləndirmə işi aparılmalıdır.
Seminarda Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev, Ədliyyə Nazirliyinin şöbə müdiri Şəhla Mehtiyeva, Şəki Şəhər Rayon Polis Şöbəsinin rəisi Əbülfət Rzayev və başqaları çıxış edərək, dini ekstremizmə qarşı mübarizə sahəsində qəbul olunan qanunvericilik aktlarından danışıb, bu sahədə nəzərdə tutulan və həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
Vurğulanıb ki, bu gün dünyada sivilizasiyaların qarşıdurması müşahidə olunur. Dini zəmində münaqişələrin, dini radikalizm və ekstremizmin artması, islamofobiya və antisemitizm meyillərinin güclənməsi buna əyani sübutdur. Bu mənada, müxtəlif dini inanclara malik insanların əsrlər boyu sülh şəraitində yaşadığı Azərbaycan dünyaya nümunə ola biləcək bir dövlətdir. Təsadüfi deyildir ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub.
Diqqətə çatdırılıb ki, son dövrlərdə dini radikalizm və dini ekstremizmə qarşı mübarizənin gücləndirilməsi üçün ölkəmizdə mühüm qanunvericilik bazası yaradılıb. 2015-ci ilin sonunda Azərbaycanda “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanun qəbul olunub. Bu Qanun dini ekstremizmə qarşı mübarizənin təşkilati və hüquqi əsaslarını müəyyənləşdirir, eyni zamanda, belə hallara qarşı mübarizə aparan həm hüquq mühafizə orqanlarının, həm də vətəndaşların vəzifələrini təsbit edir.
Seminar-müşavirənin sonunda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Keçidlər