Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

27 fevral 2016 | 01:02

Xocalı faciəsinin iyirmi dördüncü ildönümü ilə əlaqədar fevralın 25-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında anım tədbiri keçirilib. Tədbirdə şəhər rəhbərliyi, rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkünlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə Şəkinin yeni salınmış Çələbixan məcburi köçkün qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 3 nömrəli tam orta məktəbin direktoru Eldəniz Məhərrəmov çıxış edərək faciənin başvermə səbəbləri, acı nəticələri, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə danışıb.
     Natiq bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə silahsız və köməksiz Xocalıya hücumu nəticəsində şəhər bir gecədə yerlə-yeksan edilib. Silahlı ermənilər dinc əhaliyə amansız divan tutublar. Meşələrə, dağlara səpələnən əliyalın insanların çoxu şaxtada donaraq məhv olub. Qanlı qırğın nəticəsində 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. 1275 adam girov götürülüb ki, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil.
Soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri xüsusi vurğulanıb.
      Qeyd olunub ki, hazırda Şəki rayonunun ərazisində də Xocalıdan olan məcburi köçkün ailələləri məskunlaşıb. Onlar dövlətimiz tərəfindən daim diqqət və qayğı ilə əhatə olunublar. Məcburi köçkünlər əmindirlər ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində işğal altında olan torpaqlarımız tezliklə düşməndən azad ediləcək və onlar öz doğma yurdlarına qayıdacaqlar.
Tədbirdə şəhər mədəniyyət işçiləri, musiqi kollektivləri hazırladıqları ədəbi-bədii kompozisiya ilə çıxış ediblər, Xocalı soyqırımının həqiqətlərini əks etdirən videoçarxlar nümayiş etdirilib.
Xocalı faciəsinin iyirmi dördüncü ildönümü ilə əlaqədar şəhər icra hakimiyyəti tərəfindən rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkün ailələrinə maddi yardım göstərilib.

Keçidlər