Şəkinin ucqar kəndinə təbii qaz verilib
Uzun illər fasilədən sonra martın 1-də Şəki rayonunun ən ucqar yaşayış məntəqələrindən olan Qozlubulaq kəndinə təbii qaz verilib.
173 abonenti olan kəndin qazlaşdırılması üçün ümumi uzunluğu 13 min 457 metr müxtəlif diametrli polietilen və metal borularla qaz xəti çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər paytaxtla yanaşı, regionlarda da əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini bildiriblər. Vurğulanıb ki, rayonun ən ucqar kəndlərindən biri olan, Şəki şəhərindən 60 kilometr məsafədə yerləşən Qozlubulaq kəndinə təbii qazın verilməsi dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi qayğıya bariz nümunədir. Diqqətə çatdırılıb ki, hazırda rayonun daha 14 kəndinə təbii qazın verilməsi istiqamətində iş aparılır.
Kənd ağsaqqalları çıxış edərək, əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.