Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki taxılçıları güzəştli şərtlərlə azot gübrəsi ilə təmin olunurlar

03 mart 2016 | 10:03

Şəki rayonunun taxılçılıq təsərrüfatlarında payızlıq taxıl əkinlərinə aqrotexniki qulluq işləri davam etdirilir. Hazırda taxıl sahələrinə yemləmə - azot gübrəsi verilir. “Aqrolizinq” ASC-nin Şəki regional nümayəndəliyinə istehsalçılara güzəştli şərtlərlə satılmaq üçün 3 min ton azot gübrəsi gətirilib. Gübrənin dəyərinin 70 faizi dövlət, 30 faizi isə istehsalçı tərəfindən ödənilir. Artıq 4 min hektar sahəyə yemləmə gübrəsi verilib və bu iş davam etdirilir.
Qurumun rəsmisinin bildirdiyinə görə, istehsalçılara gübrənin verilməsində heç bir problem yoxdur. Fermer istənilən vaxt müəssisədən lazım olan gübrəni götürə bilər.
Taxıl sahələrində, eyni zamanda, fitosanitar tədbirlər də davam etdirilir. İndiyədək 20,1 min hektar sahədə taxıl böcəyinə, 12,5 min hektarda isə siçanabənzər gəmiricilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Bundan əlavə, 2,8 min hektar sahədə suvarma işləri aparılıb.
Xatırladaq ki, respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə 2016-cı ilin məhsulu üçün 67 min 373 hektar sahədə payızlıq taxıl əkilib. Əkin sahələri əvvəlki illə müqayisədə 5 min hektardan çox artıb. Taxıl əkinlərinin 42 min 167 hektarını buğda, 24 min 956 hektarını arpa, 250 hektarını isə xəsillik arpa təşkil edir.

Keçidlər