Şəkidə tibbi müayinədən keçənlərin 839 nəfəri ambulator müalicəyə cəlb olunub
Azərbaycan Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr Şəki rayonunda da uğurla icra olunur. Aksiya çərçivəsində rayon üzrə 18 yaşdan yuxarı 85 minədək sakinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Fevralın 15-də başlanan aksiya çərçivəsində artıq 5448 nəfər tibbi müayinədən keçərək, öz sağlamlıqları barədə ətraflı məlumat əldə ediblər.
Rayon mərkəzi xəstəxanasının konsultativ poliklinika şöbəsinin müdiri Nazim Əliyev bildirib ki, müayinələr əvvəlcədən tərtib olunan cədvəl əsasında həyata keçirilir. İlk növbədə idarə, müəssisə və təşkilatlarda çalışanlar müayinələrə cəlb olunublar. Yaxın günlərdə kənd əhalisi də bu xeyirxah aksiyaya qoşulacaq.
Poliklinikanın terapiya şöbəsinin müdiri Kifayət Həmidovanın verdiyi məlumata görə, indiyədək müayinə olunanların 839 nəfəri ambulator, 60 nəfər isə stasionar müalicəyə cəlb edilib. 11 nəfər paytaxtın ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Müayinələr təcrübəli həkim və orta tibb işçiləri tərəfindən aparılır. Poliklinikanın həkimi Etibar Kərimovun bildirdiyinə görə, müayinə olunanlar arasında ürək-damar, oynaq, arterial təzyiq, revmatik xəstəliklərdən əziyyət çəkənlər çoxluq təşkil edirlər. Belə xəstələrə müalicə təyin olunur, lazımi məsləhətlər verilir.
Müayinədən keçən insanlar onlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirir, belə aksiyaların davamlı olmasını arzulayırlar.