Şəkidə "Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilmişdir
Martın 3-də Şəki şəhərindəki Heydər Əliyev mərkəzində Şəki Şəhər İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin və Şəki şəhər mədəniyyət və turizm şöbəsinin birgə təşkilatçılığı ilə "Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə mərkəzin direktoru Zeynəb Məmmədova açmışdır. Sonra çıxış edən Şəki şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini- dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov multikulturalizmin Azərbaycan modelinin yaranmasından və bu sahədə qazanılan uğurlardan danışıb. O bildirib ki, ölkəmiz çoxmillətli, qonaqpərvər bir diyardır. Burada tarixən birgə yaşayan xalqlar, toplumlar özlərini azad, firavan hiss ediblər, çünki onlar özlərinə həmişə tolerant münasibət görüb, sıxılmadan yaşayıb, yaşayır və mədəniyyətlərini yaşadırlar. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində təhsil ala bilir, öz dini inanclarına uyğun ibadət edir, heç bir ögey münasibətlə üzləşmədən müxtəlif sahələrdə öz töhfələrini verirlər. Bu da onu deməyə əsas verir ki, Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir.
Tədbirdə DQİDK-nin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, Şəki Gənclər və İdman idarəsinin rəisi Vüqar İskəndərov, AMEA-nın Şəki regional elmi mərkəzinin direktoru Yusif Şükürlü və Şəki-Oğuz bölgə qazısı Kamran Məmmədov mövzu ətrafında çıxış etmişlər.