Şriftin ölçüsü :

Saytın rəngi :

Təhlükəsizlik orqanlarının 90 yaşlı veteranına döş nişanı təqdim olunub

08 mart 2016 | 03:03

Uzun illər Azərbaycanın milli təhlükəsizlik orqanlarında səmərəli fəaliyyət göstərən Rüfət Xəlilovun 90 yaşı tamam olur.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevin 2016-cı il 29 fevral tarixli əmri ilə Rüfət Xəlilov Azərbaycan təhlükəsizlik orqanlarında səmərəli fəaliyyəti və anadan olmasının 90 illiyi münasibətilə “Milli təhlükəsizlik orqanlarının veteranı” döş nişanı ilə təltif edilib.
AZƏRTAC xəbər verir ki, martın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şəki şəhər şöbəsində mükafatın yubilyara təqdim olunması münasibətilə təntənəli mərasim keçirilib.
Xidmətin məsul nümayəndələrinin, şöbənin şəxsi heyətinin və yubilyarın ailə üzvlərinin iştirak etdiyi tədbirdə Rüfət Xəlilovun şərəfli həyat yoluna nəzər salınıb.
DTX-nin idarə rəisi Qədir Əkbərov bildirib ki, Rüfət Xəlilov 1926-cı il martın 7-də Azərbaycanın ən qədim və füsunkar guşələrindən biri olan Şəki şəhərində anadan olub. O, 1952-ci ildə dövlət təhlükəsizlik orqanlarına həqiqi hərbi xidmətə qəbul edilib. Sonradan keçmiş SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) xüsusi məktəbində təhsil alıb, müxtəlif illərdə DTK-nin Şəki, Astara və Gəncə şöbələrində çalışıb. 1974-cü ildən Komitənin Qazax rayon bölməsinə rəhbərlik edib. 1983-cü ildən əks-kəşfiyyat strukturlarında fəaliyyətini davam etdirən Rüfət Xəlilov yaş həddi ilə əlaqədar 1986-cı ildə polkovnik-leytenant rütbəsində təqaüdə çıxıb. Dövlət təhlükəsizliyi orqanlarında işlədiyi müddətdə dəfələrlə mükafatlandırılıb, bir çox medal və qiymətli hədiyyələrlə təltif edilib.
Qədir Əkbərov daha sonra Rüfət Xəlilova təntənəli surətdə “Milli təhlükəsizlik orqanlarının veteranı” döş nişanını və vəsiqəsini təqdim edib.
Tədbirdə çıxış edən yubilyar 90 illiyinin təntənəli qeyd olunmasına və yüksək mükafata görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevə dərin minnətdarlığını bildirib. Qeyd edib ki, veteranlara göstərilən bu diqqət təhlükəsizlik orqanlarında çalışanlara yüksək qayğının təzahürüdür. Çox sevindirici haldır ki, bu gün Vətənimizin təhlükəsizliyinin təmin olunması etibarlı əllərdədir. Son vaxtlar görülən işlər, əməliyyat şəraiti bunu bir daha təsdiqləyir.
Veteran daha sonra deyib: “Çox şadam ki, təhlükəsizlik orqanlarında xidməti fəaliyyətim dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin Azərbaycanın xüsusi xidmət orqanlarına rəhbərlik etdiyi dövrə təsadüf edir. Məhz Ulu Öndərin rəhbərliyi dövründə respublikamızın Dövlət Təhlükəsizlik Komitəsinə azərbaycanlıların gəlişi başlandı. Milli kadrlar təhsil almaq üçün keçmiş sovetlər birliyinin digər respublikalarına göndərildi. Beləliklə, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində azərbaycanlılardan ibarət işgüzar kollektiv yarandı”.
Təhlükəsizlik xidməti orqanlarında çalışdığı dövrdə ümummilli lider Heydər Əliyevlə dəfələrlə görüşdüyünü xatırladan Rüfət Xəlilov, bu görüşlərin onun həyatında silinməz iz buraxdığını vurğulayıb.
Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arif Babayev, Xidmətin Şəki şəhər şöbəsinin rəisi Şahniyar Axundov, təhlükəsizlik orqanlarının veteranı Həsən Ələkbərov və başqaları yubilyarı təbrik edib, ona xoş arzularını bildiriblər.
Çıxış edənlər milli təhlükəsizlik orqanlarının təşəkkül tapmasında uzun illər bu orqanda çalışan, 1967-ci ildən isə Azərbaycan SSR-in Dövlət Təhlükəsizliyi Komitəsinə rəhbərlik edən ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini minnətdarlıqla xatırlayıblar. Bildirilib ki, bu qurum məhz Ulu Öndərin Komitəyə rəhbərliyi dövründə milliləşdirilib, azərbaycanlı kadrların peşəkarlığının yüksəldilməsi üçün hərtərəfli şərait yaradılıb. Rüfət Xəlilov da belə peşəkar kadrlardan biri olub.
Vurğulanıb ki, bu gün təhlükəsizlik orqanlarının əməkdaşları dövlətçiliyimizin etibarlı mühafizəsində, ölkəmizə qarşı daxili və xarici təhdidlərin qarşısının alınmasında, təxribat halları və terrorçuluqla mübarizədə mühüm rol oynayır, onlara tapşırılan vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Dövlət Təhlükəsizliyi Xidmətində çalışanlar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə fəaliyyətlərini daha da gücləndirərək, milli maraqlarımızın qorunması istiqamətində bütün qüvvə və bacarıqlarını səfərbər edəcəklər.
Tədbirin sonunda Rüfət Xəlilova xatirə hədiyyələri təqdim olunub.

Keçidlər