Şəki şəhərində ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanı keçirilib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası martın 6-da 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirib.
Şəki şəhərində qəbul imtahanı fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təşkil olunub. İmtahanda Şəki şəhərindən, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarından 374 nəfər bakalavr iştirak edib. İmtahan saat 13.00-da başlanıb və saat 15.30-da başa çatıb.İmtahana nəzarətçi-müəllimlər nəzarət ediblər.
Bu mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (5-i açıq tipli), informatika üzrə 25 (5-i açıq tipli) və xarici dil üzrə 25 (5-i açıq tipli) test tapşırığı təqdim olunub. Bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.