Şəkidə Beynəlxalq Qadınlar Günü qeyd olunub
Azərbaycan qadını hər zaman iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə xalqımızın milli mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynamışdır. Ümummilli liderimiz Heydər Əliyev qadınların cəmiyyətdə rolunu və fəaliyyətinə yüksək qiymət verərək demişdir : "Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəfdir. Qadın ucalıq, qeyrət, qüdrət rəmzidir”
Bu fikirlər 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Şəki şəhərində keçirilən bayram tədbirində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun təbrik nitqində səsləndirilib. Sabit Rəhman adına Dövlət Dram Teatrında keçirilən tədbirdə rayonun ayrı-ayrı əmək kollektivlərində çalışan fəal qadınlar iştirak ediblər.
Tədbirdə vurğulanıb ki, müasir dövrdə qadınlarımız müstəqil Azərbaycanın ictimai-siyasi həyatında aparıcı qüvvədir. İndi Azərbaycan qadını cəmiyyətdə dövlət idarəçiliyində, təhsil, elm, səhiyyə sahələrində fəal iştirak edir, yüksək vəzifələrdə çalışır, millət vəkili kimi fəaliyyyət göstərir. Azərbaycan qadınları zəngin biliyi, vətənpərvərliyi, sədaqəti və mərdliyi ilə seçilir. Dövlətimiz tərəfindən qadınlarımıza göstərilən yüksək diqqət və qayğı, uğurla həyata keçirilən gender siyasəti onların cəmiyyətdə mövqeyini daha da möhkəmlətmək üçün geniş meydan açmışdır. Üzərinə düşən böyük vəzifələri şərəflə yerinə yetirən Azərbaycan qadınları həmişə olduğu kimi, indi də cəmiyyətdə aparıcı rol oynayır. Fəxrlə deyə bilərik ki, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın haqq-ədalət, humanizm, xeyriyyəçilik və bəşəri prinsiplərə söykənən sərhəd tanımayan fəaliyyəti nəinki Azərbaycan qadınları, eləcə də dünya qadınları üçün əsl nümunədir.
Sonra Şəkinin ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.
Bayram tədbiri maraqlı konsert proqramı ilə davam edib.