Şəkidə “Yaz-tarla işlərinə hazırlıq və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi üçün qarşıda duran vəzifələr” mövzusunda regional müşavirə keçirilmişdir
Respublikamızda bitkiçilik məhsullarının istehsalının artırılmasının əsas yolu əkinçilik sistemində yeni texnologiyalar tətbiq etməklə məhsuldarlığın yüksəldilməsidir.
Bu fikir Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə martın 11-də Şəkidə keçirilən “Yaz-tarla işlərinə hazırlıq və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi üçün qarşıda duran vəzifələr” mövzusunda regional müşavirədə səsləndirilib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin və aidiyyəti strukturlarının rəsmiləri, “Aqrolizinq” ASC-nin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, eləcə də Şəki-Zaqatala bölgəsi və ətraf rayonlardan olan 300-dək fermer və sahibkar iştirak edib.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Yaz-tarla işlərinin vaxtında və keyfiyyətlə aparılmasının kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsində rolu” mövzusunda təqdimatla çıxış edib. Kənd təsərrüfatı bitkiləri üçün tövsiyə olunan müasir becərmə texnologiyalarının tətbiqinin vacibliyini önə çəkən şöbə müdiri bildirib ki, payızlıq taxıl sahələrinə yemləmə gübrələrinin verilməsi, alaq otlarına qarşı mübarizə və digər torpaq becərmə işlərinin optimal müddətdə aparılması gələcək məhsulun təməlinin qoyulmasında mühüm əhəmiyyət daşıyır.
Nazirliyin Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəis müavini Qərib Novruzlu çıxışında taxıl toxumçuluğu sahəsində aqrotexniki qulluq işlərinin təşkili, toxumluq sahələrə gübrələrin verilməsi, alaq otlarına qarşı səmərəli mübarizə tədbirləri barədə məlumat verib.
Müşavirədə, həmçinin taxıl toxumçuluğu, zərərli orqanizmlərlə mübarizə tədbirlərinin düzgün təşkili və texniki təminatın yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlərdən də ətraflı bəhs edilib.
Sonra tədbir iştirakçıları tarla şəraitində payızlıq taxıl sahələrinə yemləmə gübrələrinin verilməsi və alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri ilə əyani şəkildə tanış olublar.