Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin tarixi məkanları tur-aksiya iştirakçılarında xüsusi maraq doğurub

19 mart 2016 | 09:03

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyaları davam edir.
Xəbər verir ki, aksiya çərçivəsində İsmayıllı-Qəbələ-Şəki marşrutu ilə hərəkət edən Mingəçevir şəhərinin, Ağcabədi və Bərdə rayonlarının məktəblilərindən ibarət qruplar ekskursiyanın üçüncü günündə, martın 18-də qədim Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış olublar.
Məktəblilər Heydər Əliyev Mərkəzinin qarşısında şəhər rəhbərliyi tərəfindən qarşılanıblar.
Səfər proqramına uyğun olaraq, şagirdlər Şəki şəhərinin qədim tarixi hissəsinə - “Yuxarı baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Məlumat verilib ki, burada dövlət qeydiyyatına götürülən 25 tarixi abidə var. Qoruq Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir.
Tur-aksiyanın iştirakçılarını XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi - Şəki xanlarının sarayının qarşısında şəkili məktəblilər Novruz xonçaları ilə qarşılayıblar. Şəkinin uşaq incəsənət və musiqi məktəblərinin kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.
Şəki xanlarının sarayı ilə tanışlıq zamanı bildirilib ki, Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu sarayın dünyada bənzəri yoxdur. Tikintidə mismar və yapışqandan istifadə olunmayıb. Sarayı bəzəyən sadə şəbəkənin bir kvadratmetrinə 5 min, pəncərə şəbəkələrin hər kvadratmetrinə isə 14 minədək xırda detal və rəngli şüşə düşür.
Sarayın həyətindəki yaşı beş yüzə çatan qoşa Xan çinarları məktəblilərdə böyük maraq doğurub. Tur-aksiya iştirakçıları sarayın önündə xatirə şəkli çəkdiriblər.
Ağcabədi, Bərdə və Mingəçevir məktəbliləri sonra “Yuxarı baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisini gəzib, buradakı muzeylərə baxıblar. Rəşid bəy Əfəndiyev adına tarix-diyarşünaslıq muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, 1925-ci ildən fəaliyyət göstərən bu muzeydə hazırda 5 minə yaxın eksponat saxlanılır.
Qoruğun ərazisində yerləşən, inşa tarixi XVIII əsrin sonuna aid edilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq da məktəblilərin ürəyincə olub. Bildirilib ki, Şərq memarlığı üslubunda tikilən bu kompleks 300-dək otaq və zirzəmidən ibarətdir.
Şəkiyə səfərləri çərçivəsində tur-aksiya iştirakçıları daha sonra Kiş kəndindəki qədim Alban məbədini ziyarət ediblər.

Keçidlər