Gözdən Əlillər Cəmiyyətinin Şəki şəhər təşkilatında Novruz bayramı münasibətilə tədbir keçirilib
Martın 19-da Gözdən Əlillər Cəmiyyətinin Şəki şəhər təşkilatında Novruz bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə cəmiyyətin üzvləri ilə yanaşı Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki Bələdiyyəsinin nümayəndələri iştirak edib.
Bayram tədbirini Gözdən Əlillər Cəmiyyətinin Şəki şəhər təşkilatının sədri İradə Quliyeva açaraq tədbir iştirakçılarını salamlayıb, onları xalqımızın ən qədim və gözəl bayramlarından biri olan Novruz bayramı münasibətilə təbrik edib.
Şəki Şəhər İHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Sadiq Yusifov çıxış edərək gözdən əlilləri bayram münasibətilə təbrik edib, dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan söz açıb. O bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin əlilliyi olan şəxslərə göstərdiyi diqqət və qayğı gözdən əlil insanları da əhatə edir və bu təbəqədən olan vətəndaşların etibarlı sosial müdafiəsinin təmin olunması, onların reabilitasiyası, mənzil-məişət şaraitlərinin yaxşlaşdırılması istiqamətində tədbirlər ilbəil güclənir. Ötən il gözdən əlillər üçün Bakı şəhərində yeni binanın istifadəyə verilməsi də bu kateqoriyadan olan insanlara dövlətimizin göstərdiyi qayğının bariz nümunəsidir.
Tədbirdə çıxış edən Şəki Bələdiyyəsinin üzvü Cavad İsmayıllı, Yazıçılar Birliyinin Şəki bölməsinin sədri Vaqif Aslan və digərləri gözdən əlilləri bayram münasibətilə təbrik ediblər, onlara xoş və səmimi arzularını çatdırıblar.
Gözdən Əlillər Cəmiyyətinin Şəki şəhər təşkilatının sədri İradə Quliyeva Şəki şəhərində gözdən əlillərə göstərilən diqqət və qayğıya görə şəhər rəhbərliyinə minnətdarlığını bildirib..
Sonra cəmiyyətin fərqlənən üzvlərinə fəxri diplomlar təqdim edilib. Bayram tədbiri musiqi proqramla davam etdirilib.
Sonda Gözdən Əlillər Cəmiyyətinin Şəki şəhər təşkilatının üzvlərinə şəhər rəhbərliyi adından bayram sovqatı təqdim ediilib.