Şriftin ölçüsü :

Saytın rəngi :

Sərhədçi əsgərlər Novruz bayramının sevincini valideynləri ilə birgə yaşayıblar

20 mart 2016 | 11:03

2011-ci ildən başlayaraq Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində keçirilən və artıq ənənəyə çevrilən “Valideyn günləri” müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə təlim-tərbiyə işinin səmərəliliyinin yüksəldilməsi, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və hərbi kollektivlərdə sağlam mənəvi mühitin yaradılması üçün mühüm əhəmiyyət kəsb edir, hərbi hissələrlə valideynlər arasında əlaqələri gücləndirir.
Martın 19-da Şəki Sərhəd Dəstəsində təşkil edilən “Valideyn günü”ndə əsgərlər xalqımızın milli adət-ənənələri arasında mühüm yer tutan, Vətənə məhəbbət, həmrəylik və xeyirxahlıq kimi mənəvi-əxlaqi keyfiyyətləri aşılayan Novruz bayramının sevincini valideynləri ilə birgə yaşayıblar.
Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin, şəhər rəhbərliyinin, əsgər valideynləri və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə qonaqlara hərbi hissə barədə ümumi məlumat verilib, valideynlər əsgərlər üçün yaradılan xidmət və məişət şəraiti ilə yaxından tanış olublar.
Tədbirin rəsmi hissəsində valideynlərə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizin sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi istiqamətində qazanılan uğurlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, məhz bu qayğının nəticəsində bu gün Sərhəd Qoşunları müstəqil olaraq dövlət sərhədlərinin etibarlı mühafizəsini təşkil etməyə qadir olan, Azərbaycan Prezidentinə, dövlətçiliyinə sadiq, intizamlı, yüksək döyüş hazırlıqlı, müasir texnika və silahlarla təchiz edilən, peşəkar zabit korpusuna malik quruma çevrilib.
Tədbirdə əsgərlərin müddətli hərbi xidməti dövründə valideynlərin və hərbi kollektivin üzərinə düşən vəzifələr barədə geniş fikir mübadiləsi aparılıb, sərhədçilərin xidməti şəraiti barədə qonaqların fikirləri dinlənilib.
Əsgər valideynlərindən Xanım Kərimova, Rafiq Mirzəyev, Yeganə Cəfərova və başqaları çıxış edərək hərbi hissədə yaradılan şəraitdən razı qaldıqlarını bildirib, sərhədçi əsgərlərə tövsiyələrini veriblər.
Sonra tədbir hərbi hissənin meydanında bədii proqramla davam etdirilib.
Çıxış edənlər hərbi hissənin şəxsi heyətini Novruz bayramı münasibətilə təbrik edib, onlara xidmətdə uğurlar arzulayıblar.
Xidmətdə fərqlənən əsgərlər fəxri fərman, döş nişanı və qiymətli hədiyyələrlə mükafatlandırılıb, onların valideynlərinə “təşəkkür məktubları” təqdim olunub.
Sonra valideynlər əsgər yeməkxanasında övladları ilə birgə nahar ediblər.
Tədbir mədəniyyət işçilərinin hazırladığı konsert proqramı ilə başa çatıb.

Keçidlər