Şəki şəhərinin balaca sakinlərinə Novruz hədiyyəsi
Martın 19-da Şəki şəhərindəki 14 nömrəli körpələr evi-uşaq bağçası üçün tikilən yeni binanın açılışı olub.
Mərasimdə şəhər rəhbərliyi, valideynlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov son illər ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, təkcə son 3 ildə Şəkidə 10 yeni uşaq bağçası tikilib istifadəyə verilib, 3 bağça əsaslı təmir olunub. Bundan əlavə, hazırda şəhərdəki 16 nömrəli uşaq bağçası üçün yeni binanın tikintisi başa çatmaq üzrədir. Yaxın günlərdə 11 nömrəli uşaq bağçasında da əsaslı təmir işlərinə başlanılacaq.
Vurğulanıb ki, yeni istifadəyə verilən bağça binası burada təlim-tərbiyə alan uşaqlar üçün əsl Novruz bayramı hədiyyəsidir.
Dövlət vəsaiti hesabına inşa edilən iki mərtəbəli, 90 yerlik uşaq bağçasında 6 qrup fəaliyyət göstərəcək. Binada uşaqların hərtərəfli və sağlam böyümələri üçün lazımi şərait yaradılıb. Yeni bağça binası zəruri inventar və avadanlıqla, o cümlədən yumşaq yataq dəsti, otaq və mətbəx mebelləri, həmçinin uşaq oyuncaqları ilə təchiz olunub. Bağçanın həyətyanı sahəsi tam abadlaşdırılıb, köşklər qurulub.