Şəkidə baharın gəlişi böyük təntənələrlə qeyd olunub
Milli varlığımıza bolluq və bərəkət rəmzi kimi daxil olan Novruz bayramı respublikamızın hər yerində olduğu kimi, qədim Şəki diyarında da böyük təntənələrlə qeyd olunub.
Baharın gəlişi münasibətilə Şəki şəhərindəki “Yuxarı baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində ümumşəhər bayram şənliyi keçirilib.
Bayram tədbiri XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi olan Şəki xanlarının sarayının həyətində mədəniyyət işçilərinin hazırladığı bədii proqramla başlanıb. Sarayın girişində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovu və qonaqları əllərində səməni və bayram xonçaları olan milli geyimli qızlar qarşılayıblar. İctimaiyyət nümayəndələri və şəhərin qonaqlarının da iştirak etdiyi tədbirdə musiqi və rəqs kollektivləri maraqlı konsert proqramı ilə çıxış ediblər.
Bayram tədbiri daha sonra qədim memarlıq abidəsi olan “Qala divarları”nın həyətində davam etdirilib. Bayram tonqalı alovlandırıldıqdan sonra pəhləvanlar öz məharətlərini, güclərini nümayiş etdiriblər. Novruzun personajları olan Kosa və Keçəl məzəli zarafatları ilə bayram iştirakçılarına xoş ovqat bəxş ediblər.
Bayram iştirakçıları sonra Qoruğun ərazisindəki V-VI əsrlərə aid Dairəvi Məbədin həyətində milli rəqsləri, idmançıların çıxışlarını izləyib, milli geyimli qadınların hazırladığı bayram təamlarına qonaq olub, Şəki sənətkarlarının əl işlərindən ibarət sərgilərə baxıblar.
Bayram tədbiri daha sonra XVIII əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində rəngarəng konsert proqramı ilə davam edib.