Qədim Şəki tur-aksiyanın növbəti iştirakçılarını qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində ölkəmizin şimal-qərb bölgəsinə ekskursiya edən Naftalan şəhərinin, Daşkəsən və Goranboy rayonlarının məktəbliləri martın 26-da Şəki şəhərinə gəliblər.
Tur-aksiyanın iştirakçılarını Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova, təhsil, mədəniyyət və turizm şöbələrinin nümayəndələri mehribanlıqla qarşılayıblar.
İki gün əvvəl başlanan ekskursiya çərçivəsində artıq İsmayıllı və Qəbələ rayonlarının tarixi məkanları və görməli yerləri ilə tanışlıq imkanı əldə edən məktəblilər olduqca şən görünürdülər. Hiss olunurdu ki, onlar bu səyahətdən çox məmnundurlar.
Məktəblilərə Şəkinin tarixi, mədəniyyəti, turizm potensialı barədə qısa məlumat verilib. Diqqətə çatdırılıb ki, 2700 ildən çox yaşı olan bu qədim diyar, həm də dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət qeydiyyatına götürülən 84 tarix və mədəniyyət abidəsi var. Hər il bu şəhərdə beynəlxalq səviyyəli tədbirlər, musiqi festivalları keçirilir.
Səmimi qarşılanmaya görə minnətdarlıqlarını bildirən qrup rəhbərləri məktəblilərin Şəkinin tarixi məkanlarına ekskursiyaları böyük səbirsizliklə gözlədiklərini diqqətə çatdırıblar.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra tur-aksiyanın iştirakçıları Şəki şəhərinin qədim tarixi hissəsinə - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Şəki xanlarının sarayının həyətində şəhər mədəniyyət və turizm şöbəsinin musiqi kollektivi qonaqlar qarşısında qısa konsert proqramı ilə çıxış edib. Burada Şəki şirniyyatları ilə bəzədilmiş çay süfrəsinə qonaq olan məktəblilər doyunca şənlənib, sarayın önündə xatirə şəkli çəkdiriblər.
Naftalan, Daşkəsən və Goranboy məktəbliləri sonra Qoruğun ərazisindəki Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyində, həmçinin V-VI əsrlərə aid memarlıq abidəsi Dairəvi Məbəd və Xalq Tətbiqi Sənəti Muzeyində olub, sənətkarlıq emalatxanalarına baş çəkiblər.
Qoruğun ərazisində yerləşən, inşa tarixi XVIII əsrin sonuna aid edilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, Şərq memarlığı üslubunda tikilən bu kompleks 300-dək otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacırlər bu karvansarayda qalır, ticarətlə məşğul olurdular.
Tur-aksiya iştirakçıları daha sonra Kiş kəndindəki qədim Alban məbədini ziyarət ediblər.
Qədim və müasir Şəki ilə tanışlıq tur-aksiyanın iştirakçılarında zəngin təəssürat yaradıb.