Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Zəyzid kənd icra nümayəndəliyində hesabat

30 yanvar 2013 | 16:00

Yanvarın 29-da Şəkinin Baş Zəyzid kəndində hesabat yığıncağı keçirilmişdir. Baş Zəyzid kənd icra nümayəndəsi Abdulla Abdulkərimovun nümayəndəliyin 2012-ci ildə gördüyü işlərə dair hesabatı dinlənilmişdir.
Qeyd olunmuşdur ki, icra nümayəndəliyi Baş Zəyzid və Vərəzət kəndlərini əhatə edir. Nümayəndəlikdə 1601 təsərrüfatda 6994 nəfər əhali yaşayır. Nümayəndəliyin əhatə etdiyi kəndlərdə 2 bələdiyyə, 2 orta məktəb, kənd həkim məntəqəsi, uşaq bağçası, mədəniyyət evi, kitabxana, EATS, poçt, şadlıq sarayı və digər məişət obyektləri fəaliyyət göstərir. Bildirilmişdir ki, hazırda nümayəndəlik üzrə əhalinin istifadəsində cəmi 2065 hektar torpaq sahəsi vardır. Kənd sakinləri əsasən maldarlıq, taxılçılıq və tərəvəzçiliklə məşğul olurlar.
Müddət ərzində Vərəzət kəndinə təbii qazın verildiyi, “Zəyzid” və “Qurcana” çaylarının yataqlarının təmizləndiyi, içməli su xətlərinin dəyişdirildiyi və yeni su xətlərinin çəkildiyi, kəndarası yolların, eləcə də sel suları nəticəsində yararsız vəziyyətə düşmüş körpünün təmir olunaraq əhalinin istifadəsinə verildiyi qeyd olunmuşdur.
Yığıncaqda iştirak edən kənd sakinləri həyata keçirilən tədbirləri müsbət qiymətləndirərək həlli vacib məsələlərə də toxunmuş, Vərəzət kəndində uşaq bağçasının açılmasına, Baş Zəyzid kənd tam orta məktəbi üçün yeni bina tikilməsinə, Şəki – Oğuz şosse yolundan Şəki şəhərinə girişdə Şəkiyə xas olan memarlıq üslubunda giriş qapılarının inşa olunmasına, “Zəyzid” və “Qurcana” çaylarının yatağının vaxtaşırı təmizlənməsinə, Baş Zəyzid kəndinə təbii qazın verilməsinə, Baş Zəyzid kəndinin yeni yaşayış massivinə içməli su xəttinin çəkilməsinə, Şəki – Oğuz şose yolundan Baş Zəyzid kəndinə gələn yolun əsaslı təmirinə və kənd sakinlərinə güzəştli şərtlərlə iribuynuzlu cins mal-qara satılmasına köməklik göstərilməsini xahiş etmişlər.
Yığıncaqda çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov kənd sakinləri tərəfindən verilən sualları cavablandırmış, 2013-cü ildə Şəkidə icra olunacaq irimiqyaslı layihələr, həyata keçiriləcək tədbirlər haqqında məlumat vermişdir.
Hesabat yığıncağında iştirak edən Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının məsul işçisi Əflatun Rufiyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeritdiyi daxili və xarici siyasətin uğurlarından danışmışdır. Sonra Ə.Rufiyev “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə müəyyən olunmuş yerli icra hakimiyyəti başçısı nümayəndələrinin əsas vəzifə və səlahiyyətlərini yığıncaq iştirakçılarının nəzərinə çatdırmış, bəzi məsələlərlə bağlı tövsiyələrini vermişdir.
 

Keçidlər